Dekabrın 18-dən 20-dək blits üzrə onlayn Avropa çempionatı keçirilib. Azərbaycan şahmatçılarının da iştirak etdikləri yarışın nəticələrinə əsasən, 3 şahmatçımız – Eltac Səfərli, Kənan Qarayev və Günay Məmmədzadə növbəti Avropa çempionatında iştirak etmək hüququ qazanıblar.
Çempionatda Veysəloğlu Şirkətlər Qrupunun dəstəklədiyi 18 yaşlı Kənan Qarayev U-18 qrupunda ən yaxşı nəticə göstərərək fərqlənib. Şahmatçımız 323 iştirakçı arasında 11 oyuna 8 xal toplayaraq 12-26-cı yerləri bölüşdürüb, lakin əlavə əmsallara görə o, 24-cü yeri tutub. 18 yaşa qədər şahmatçılar arasında isə K. Qarayev 1-ci yerə layiq görülüb.
Şahmatçımız bu nəticə ilə 2021-ci ilin dekabrında Polşanın Katovitse şəhərində təşkil ediləcək növbəti rapid və blits üzrə Avropa çempionatında mübarizə aparmaq hüququ əldə edib.
Bundan əlavə, Kənan Qarayev dekabrın 2-də Azərbaycan və Türkiyə milli komandaları arasında blits üzrə “Qarabağ Azərbaycandır!” şüarı altında internet üzərindən keçirilən dostluq turnirində də iştirak edib. Kənan Qarayev bu dəfə də fərqlənərək turnirdə 1-ci yerə layiq görülüb.
Xatırladaq ki, Veysəloğlu Şirkətlər Qrupu idmanla yanaşı, korporativ sosial məsuliyyət (KSM) layihələri çərçivəsində ölkə üzrə şəhid ailələrinə, Qarabağ müharibəsi veteranları və əlillərinə, həmçinin təhsil sahəsində dəstək xarakterli fəaliyyətini davam etdirir.