"Neftçi Peşəkar Futbol Klubu" MMC 2023-cü il üzrə maliyyə hesabatını açqılayıb.
FED.az klubun yeni açıqlanan hesabatına istinadən xəbər verir ki, ötən il klub böyük zərər edib, zərəri dəfələrlə artıb, il ərzində sponsorların dəstəyi - daha çox vəsait ayırması da klubun mənfəətə çıxmasına kömək etməyib.
Hesabata əsasən, ötən il "Neftçi"nin cəmi əməliyyat gəliləri 20 milyon 49 min manat olub ki, onun da 17,2 milyonu sponsor və reklamlardan gələn gəlirlərin, 131 min manatı bilet satışının, 37 min manatı sair gəlirlərin, 2 milyon 686 min manatı isə sair əməliyyat gəlirlərinin hesabına formalaşıb.
İllik müqayisədə cəmi əməliyyat gəliləri 5 milyon 922 min manat (42%), sponsor və reklamlardan gələn gəlirlər 5 milyon 495 min manat (47%), bilet satışından gəlirlər 52 min manat (66%), sair gəlirlər 30 min manat (5,3 dəfə), sair əməliyyat gəlirləri 1 milyon 982 min manat (3,8 dəfə) artıb.
23 milyon 517 min manat cəmi əməliyyat xərcinin 15 milyon 966 min manatı əmək haqqı və mükafat, 372 min manatı əsas vəsaitlərin amortizasiyası, 326 min manatı qeyri-maddi aktivlərin köhnəlməsi, 6 milyon 853 min manatı isə sair xərclər hesabına formalaşıb.
İllik müqayisədə cəmi əməliyyat xərcləri 9 milyon 52 min manat (63%), əmək haqqı və mükafat xərcləri 6 milyon 286 min manat (65%) artıb, əsas vəsaitlərin amortizasiyası 50 min manat (12%) azalıb, qeyri-maddi aktivlərin köhnəlməsi 266 min manat (5,4 dəfə), sair xərclər 2 milyon 550 min manat (59%) artıb.
Nəticədə "Neftçi" futbol klubu ötən ili 3 milyon 516 min manat zərərlə bitirib. Xatırlaaq ki, 2022-ci ildə klubun zərəri isə cəmi 419 min manat idi. Beləliklə, son bir ildə klubun zərəri 3 milyon 100 min manat, başqa sözlə 8,5 dəfə artıb.
"Neftçi Peşəkar Futbol Klubu" ötən il 13 milyon 731 min manat cəmi aktivlərə malik olub. Klubun aktivləri son bir il ərzində 969 min manat (8%) böyüyüb.
Öhdəliklər 4 milyon 485 min manat (3,9 dəfə) artaraq 6 milyon 35 min manata yüksəlib.
Xalis kapital göstəriciləri 3 milyon 516 min manat (31%) azalaraq 7,7 milyon manata düşüb.