"Tanınmış şəxslərin, xüsusilə də idmançıların enerji içkilərinin reklamında iştirak etməsi və enerji içkisini qəbul edərək guya güclənməsi istehlakçıya verilən yanlış mesajdır".
Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Aparat rəhbəri Elxan Mikayılov deyib.
Azərbaycanda enerji içkisi adı ilə satılan içkilərin bir qismi - Adi Sərinləşdirici Sulardır
“Bu, xüsusilə idmançılar üçün təhlükəlidir. Elmi araşdırmalar göstərir ki, enerji içkilərindən ölüm halları daha çox idmançılar arasında baş verir. Çünki həddən artıq istehlak qısa müddətdə gərgin enerji sərfiyyatı nəticəsində insan orqanizimində riskli vəziyyət yaradır və ölüm halına gətirib çıxarır. İdmançı məhsulu reklam edərsə, bu, ola bilər ki, enerji içkisidir və yaxud oxşar brenddir, amma bir enerji içkisi olmaya bilər. Bu mənada yaxşı olar ki, idmançılar bu nüansa diqqət etsinlər. Yəqin ki, bu sahədə də müvafiq tənzimləmələr həyata keçiriləcək”, - o bildirib (Report).