Azərbaycanın həndbol üzrə milli komandaları və klubları üçün nəzərdə tutulan "ABU Arena"nın adı dəyişdiriləcək.
FED.az xəbər verir ki, Azərbaycan Həndbol Federasiyasının (AHF) mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin verdiyi məlumata görə, ad dəyişikliyi idman qurğusundakı təmir işləri yekunlaşdıqdan sonra rəsmiləşəcək.
2004-cü ildə sırf həndbol üçün istismara verilən “ABU Arena”da tikildiyi dövrdən heç bir təmir işləri aparılmadığından, normal fəaliyyət göstərmək mümkün deyildi. Hazırda AHF idman kompleksində təmir-bərpa işləri həyata keçirilir.
Təmir işlərindən sonra "AHF Arena" kimi fəaliyyətini davam etdirəcək kompleksdə komandaların məşq etməsi, eyni zamanda oyunlar keçirməsi üçün əlverişli şərait yaranacaq. Komandaların maddi-texniki bazasının yaxşılaşdırılmasına və həndbolun inkişafına hesablanan müvafiq işlərin yaxın vaxtlarda başa çatdırılması planlaşdırılır. Bununla da həndbolsevərlər həm Azərbaycan çempionatı, həm də, Avrokubok oyunları və milli komandaların seçmə mərhələ görüşlərini yenilənmiş “AHF Arena”da izləmək imkanı qazanacaqlar.
Qeyd edək ki, 7-8 iyunda Avstriyanın paytaxtı Vyanada Avropa Həndbol Federasiyasının baş ofisində qurumun prezidenti Mixael Viderer və AHF prezidenti Saleh Məmmədovun iştirakı ilə keçirilmiş görüşdə Avropa çempionatının Bakıda təşkil olunması ilə bağlı müzakirələr aparılıb. (Report)