Dünyada qadınların iştirak etdiyi elit idman növləri üzrə gəlirlər 2026-cı ildə 3 milyard dollara çatacaq.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə «Deloitte» audit şirkətinin hesabatında bildirilir.
«Deloitte»un hesabatına görə, qadın idmanından 2026-cı ildə gözlənilən 3 milyard dollarlıq gəlir 2025-ci illə müqayisədə 25% artıqdır. Xatırladaq ki, 2025-ci ildə bu sahədən gəlirlər 2,4 milyard dollar olmuşdu.
Qeyd edək ki, «Deloitte»un hesabatında istifadə olunan «elit qadın idmanı» (elite women's sport) termini bahalı və ya lüks idman növlərini deyil, peşəkar səviyyədə təşkil olunmuş, yüksək gəlirli və geniş azarkeş kütləsi olan kommersiya liqalarını nəzərdə tutur.
Bu sahədə gəlirlərin əsas mənbəyi basketbol və futbolu əhatə edir. Bu idman növləri üzrə gəlirlər 2022-2025-ci illərdə 2,5 dəfə yüksəlib. Hazırda futbol və basketbol ümumi gəlirlərin hərəyə 35%-ni təmin edir.
Futbolda əsas gəlirləri İngiltərənin «Women's Super League (WSL)», ABŞ-ın «NWSL» və İspaniyanın «Liga F» liqaları, eləcə də FIFA Qadınlararası Dünya Çempionatı və UEFA Çempionlar Liqası gətirir.
Gəlirlərin ikinci böyük mənbəyi olan basketbolda isə əsas gəlirləri ABŞ-ın WNBA liqası gətirir. Son illərdə qadın basketboluna olan maraq və yayım hüquqlarının qiyməti rekord sürətlə artır.
Qadın idmanında əsas gəlirləri təmin edən 3-cü sahə tennisdir. Bura «Böyük Dəbilqə» və WTA turnirləri aiddir. Ən varlı qadın idmançılar da məhz tennislə məşğul olanlardır.
Qadın idmanından gəlirlər 3 əsas mənbədən formalaşır:
Kommersiya gəlirləri - sponsorluq müqavilələri və reklamlar aiddir, bütün gəlirlərin 55%-i buradan formalaşır.
Yayım hüquqları - TV və onlayn platformaların oyunları göstərmək üçün ödədiyi pullar isə ümumi gəlirlərin 27%-ni təmin edir. Matç günü gəlirləri - bilet satışı, qida-içki və fan-şop satışları isə bütün gəlirlərin 18%-ni təmin edir.
Gəlirlərin coğrafyasında isə Şimali Amerika əsas yeri tutur – 1,64 milyard dollar və ya bütün gəlirlərin 54%-i bu ölkələrdən daxil olur. «Avropada isə qadın idmanı ildə 434 milyon dollar gəlir gətirir – bütün gəlirləri 14%» - deyə «Deloitte»un hesabatında bildirilir.













