Azərbaycan Güləş Federasiyasının (AGF) Ümumi Yığıncağı keçirilib.
AGF-dən FED.az-a bildirilib ki, tədbirdə federasiyanın son 4 illik fəaliyyəti və güləş sahəsində görüləcək işlər müzakirə edilib, həmçinin İcraiyyə Komitəsinin tərkibinə seçkilər keçirilb.
Yığıncaqda AGF prezidenti Mikayıl Cabbarov Azərbaycanda idmanın, o cümlədən güləşin inkişafı və beynəlxalq uğurlarının daha da artırılması üçün görülən işləri qeyd edib.
Daha sonra AGF-nin baş katibi Pərvin Piriyevin hesabatı dinlənilib. O bildirib ki, 4 ildə Bakıda yunan-Roma güləşi üzrə Dünya Kubokunun, “Paris-2024”ə seçim xarakterli Avropa Olimpiya Təsnifat turnirinin və U-23 Avropa çempionatı keçirilib. Azərbaycangüləşçiləri 2022-2025-ci illərdə müxtəlif beynəlxalq yarışlarda 1031 medal qazanıb: “Bunların 293-ü qızıl, 292-si gümüş, 446-sı isə bürünc medal olub. Milli komandalarımız müxtəlif yaş qruplarında dəfələrlə Avropa və dünya çempionatlarında ilk üçlükdə yer alıb. Yunan-Roma güləşçilərimiz 2023-cü və 2024-cü illərdə dünyanın ən güclü komandası adına sahib çıxıblar”.
Tədbirdə Mikayıl Cabbarov növbəti 4 il üçün yenidən federasiyanın prezidenti seçilib. Dünya Güləş Birliyinin (UWW) Büro üzvü Namiq Əliyev isə növbəti dəfə vitse-prezident vəzifəsinə seçilib. Həmçinin İcraiyyə Komitəsinin üzvləri səsvermə yolu ilə müəyyənləşiblər: Mikayıl Cabbarov, Namiq Əliyev, Namiq Abdullayev, Fərid Mansurov, Vasif Məmmədov.












