Son dövrər Azərbaycanda bir sıra idman federasiyalarında dəyişikliklərin aparılması bu sahələrdə yaranan mənfi hallarla bağlı olub. Ayrı-ayrı idman sahələrində elə problemlər yaranıb ki, burada dəyişikliklər qaçılmaz olub.
FED.az xəbər verir ki, bu gün prezidenit İlham Əliyev V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşündə ölkədə bəzi idman növlərindəki vəziyyət, Gənclər və idman Nazirliyində, eləcə də federasiyalarda aparılan dəyişikliklərin səbəbləri barədə danışıb.
Prezident bildirib ki, son vaxtlar bir neçə federasiyada dəyişikliklərin baş verməsi qaçılmaz hal olub: «Çünki bəzi federasiyalarda mən görürdüm ki, artıq durğunluq hökm sürür, nəticələr əldə edilmir, bəzi idmançılarımız, ümumiyyətlə, beynəlxalq yarışlardan məhrum edilmişlər. Müvafiq beynəlxalq idman qurumları onları, bütövlükdə federasiyaları cəzalandırırdılar, bəzi hallarda əsaslı, bəzi hallarda əsassız. Amma əfsuslar olsun, bu hallar baş verib və görürdük ki, artıq yeni təkana ehtiyac var».
Prezident bildirib ki, artıq dəyişikliklər müsbət nəticəsini verməyə başlayıb: «Bu yaxınlarda federasiyalarda və eyni zamanda, Gənclər və İdman Nazirliyində baş vermiş dəyişikliklər əminəm ki, həm idmançılar, həm də idman ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir, çünki nəticələr göz qabağındadır. Çünki idmana cavabdehlik daşıyan qurumlar idmançılarla daim bir yerdə olmalıdırlar, hər bir idmançını tanımalıdırlar, onun problemləri ilə məşğul olmalıdırlar. Mən görürəm ki edilmiş dəyişikliklər nəticəsində hazırda nəticələr də var və olacaq».