AFFA Avropa Liqasının final matçı üçün nəzərdə tutulan biletləri “qara bazar”da satmaq istəyən şəxslərə xəbərdarlıq edib.
FED.az xəbər verir ki, Milli assosiasiyanın məlumatına görə, biletlərin “qara bazar”a çıxarılması və təkrar satışı qəti qadağandır. Bu cür hallar baş verəcəyi təqdirdə, satışa çıxarılmış biletlər dərhal etibarsız hesab olunaraq blok ediləcək. Həmçinin bileti satmaq üçün əldə etmiş şəxs 5000 manat məbləğində cərimə olunacaq.
“Qara bazar”dan alınmış biletlə stadiona daxil olmaq istəyən şəxslər isə kompensasiya ödənilmədən stadiona buraxılmayacaq.
Eləcə də bax: Bakıya gələcək futbol azarkeşləri otellərə tam yerləşə biləcəklər? - AÇIQLAMA
Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyunu üçün nəzərdə tutulan 64000 biletdən 37500 ədədi ilkin mərhələdə satılıb. Həmçinin dəyəri 890 avro olan “Qızıl” və 690 avroluq “Gümüş” paketlərin hamısı alınıb. Təşkilat Komitəsi mayın 2-də daha 5000 bileti satışda buraxıb. Futbolsevərlər şəxsiyyət vəsiqələri ilə iTicket.az-ın “Gənclik Mall” və “Port Baku Mall”da yerləşən kassalarına yaxınlaşaraq bilet əldə edə bilərlər.
Biletlər bir neçə kateqoriyada təqdim olunur. Birinci kateqoriya 280 manat (140 avro), ikinci kateqoriya 180 manat (90 avro), üçüncü kateqoriya 100 manat (50 avro), dördüncü kateqoriya isə 60 manat (30 avro) dəyərindədir. Hər kəs özü də daxil olmaqla, yalnız 4 bilet əldə edə bilər.