Bakı bu il Formula 1 Azərbaycan Qran-Prisinə 26-28 aprel tarixlərində evsahibliyi edəcək. Bu həyəcalı yarış dünyanın bir çox ölkəsində maraqla izlənilir. Yarışın başlamasına az vaxt qalıb, şəhərin küçələrində hazırlıq işləri sürətlə gedir.
FED.az xəbər verir ki, “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai bununla bağlı sualları cavablandırıb.
Eləcə də bax: Bakıda oynayan xarici komandalar vergidən - AZAD EDİLƏCƏK
- Azərbaycan Qran-Prisinə hazırlıqlar hansı mərhələdədir?
- Artıq hazırlıqların sonuncu mərhələsindəyik. Bəzi tikinti-quraşdırma işləri trekin keçdiyi yollar yarış üçün bağlandıqdan sonra tam başa çatdırılacaq. Artıq trekin asfalt örtüyü yarışa tam hazır vəziyyətə gətirilib. Trekyanı baryerlərin böyük hissəsi, həmçinin tribunaların əksəriyyəti quraşdırılıb. Pit binası demək olar ki, yarışa tam hazır vəziyyətdədir.
- Yollar nə zamandan tam bağlanacaq?
- Bakı Şəhər Halqası şəhər treki olduğu üçün yolların tam bağlanması yarışın ən son həftəsinə təsadüf edir. Trekin keçdiyi yollar 22 aprel, gecə saat 01:00-da bağlanacaq və bu yollar yenidən 30 aprel səhər saat 06:00-da açılacaq.
- Akkreditasiya üçün nə qədər media nümayəndəsi müraciət edib?
- 150-dən çox yerli media nümayəndəsinin akkreditasiyaya müraciəti qəbul olunub.
- Akkreditasiyadan keçənlərin adları nə zaman bəlli olacaq?
- Akkreditasiyanın nəticələri yarış həftəsinin ilk günlərində elan olunacaq.
- İndiyə qədər nə qədər bilet satılıb? Daha çox xarici ölkə vətəndaşları maraq göstərir yoxsa, yerli?
- Bilet satışına dair statistik məlumat yalnız yarış bitdikdən sonra ictimaiyyətə açqlanır. Lakin onu bildirə bilərik ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il bilet satışı daha yüksəkdir. Artıq Filarmoniya tribunasına olan biletlərin hamısı satılıb. Bununla birlikdə, daha bir neçə tribunada biletlər tamamilə satılmaq üzrədir. Hər il olduğu kimi bu il də yarış yaxınlaşdıqca, bilet satışlarında əhəmiyyətli artım müşahidə olunur. İndiyədək ümumilikdə 63 ölkədən bilet alınıb. Biletlərin 37%-i Azərbaycandan alınıb. Xarici ölkələr arasında ilk üçlüyə Rusiya, Monako və Böyük Britaniya daxildir. Onların nisbi çəkisi müvafiq olaraq 18%, 11% və 9% təşkil edir.
- Biletlərin qiyməti hamı üçün maraqlıdır....
- Biletlər Azərbaycan vətəndaşları və ölkədə yaşayan xarici vətəndaşlara original qiymətdən 20 % ucuza təqdim olunur. Həmçinin, azyaşlılar üçün də biletlər endirimli qiymətə satılır. Bundan başqa, biletlərin qiyməti tribunaya və yarış günlərinə görə də müxtəlifdir. Yerli sakinlərə biletlərin qiyməti 70-850 AZN civarındadır. Daha ətraflı məlumatı bu keçiddən əldə edə bilərsiniz: https://www.bakucitycircuit.com/az/buy-now
- Qran-Pridə tamaşaçıları hansı yeniliklər gözləyir?
- Bulvar ərazisində yerləşən Əyləncə Zonasında günboyu müxtəlif əyləncə tədbirləri olacaq. Burada hər il tamaşaçıları yeni əyləncələr gözləyir. Həmçinin, şənbə və bazar axşamlarında dünya ulduzlarının iştirakı ilə Kristal Zalda axşam konsertləri keçiriləcək. Artıq şənbə gününün ulduzu bəllidir. Bu, britaniyalı müğənni Sem Smitdir. Bazar gününün ulduzu da yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq. Həmin konsertlərdən əvvəl yerli müğənnilər də səhnəyə çıxacaqlar. Bundan başqa, sözügedən axşam konsertlərindən sonra gecə saatlarında “Elektra Hall”da yenə Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində “Baku City Sounds” adı altında dünyaca məşhur DJ-lərin iştirakı ilə “afterparty”lər təşkil olunacaq. Bu proqramın detalları ilə yanaşı burada iştirak şərtləri də yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.