"Böyük təəssüf hissi ilə bildiririk ki, COVİD-19 koronavirus pandemiyası səbəbindən Formula 1 Azərbaycan Qran Prisi 2020 ləğv olunur".
Eləcə də bax: "Bakıda "Formula 1" baş tutmasa, pulu geri alacağıq"
FED.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin yaydığı açıqlamada bildirilir.
"Sevimli yarışımızın 2020-ci ildə baş tutması üçün hər fürsəti araşdırdıq, lakin bütün səylərimizə baxmayaraq bunun mümkün olmayacağını anladıq. Azərbaycan xalqının, dəyərli Formula 1 azarkeşlərinin, həmçinin Formula 1 əməkdaşlarının sağlamlığı və təhlükəsizliyi naminə bu qərarı verməli olduq" deyə bəyanatda vurğulanıb.
BŞH onu da qeyd edib ki, bilet sahibləri biletlərin qaytarılması ilə bağlı ətraflı məlumatı bu keçiddən öyrənə bilərlər: https://bit.ly/3gIwDPg
Hər hansı bir sual yarandıqda isə BŞH komandası kömək etməyə hazır olduğunu bəyan edib: "2021-ci ildə mövsümün ən yaxşı yarışını keçirmək üçün böyük əzmlə çalışmağa davam edəcəyik. Sizi növbəti il, yeni mövsümdə görməyə çox şad olacağıq!"
Şirkətin açıqlamasında bildirilir ki, bu qərar davam edən qlobal koronavirus pandemiyası ilə əlaqədar olaraq Azərbaycan Respublikası hökuməti, Formula 1 Dünya Çempionatının rəhbərliyi və Beynəlxalq Avtomobil Federasiyası (FİA) tərəfindən aparılan geniş danışıqlar nəticəsində birgə qəbul olunub.
"Koronavirus pandemiyasının səbəb olduğu və hazırda davam edən qeyri-müəyyən vəziyyət yarış obyektinin vaxtında tikilib başa çatmasına əngəl törətməklə yanaşı bu proses zamanı tikinti işçilərini və mühəndisləri sağlamlıq baxımından təhlükə altında qoyur. Bununla yanaşı, bütün dünyada ölkələr tərəfindən həyata keçirilən müxtəlif önləyici tədbirlər və həmçinin bu tədbirlərin ölkələr arasındakı səyahətə olan təsirləri bu il Bakıda yarış həftəsonunun reallaşması imkanını bir az da azaldır. Bütün bu səbəblər bizə Formula 1 Azərbaycan Qran Prisi 2020 yarışını ləğv etməkdən başqa seçim qoymur.
Bu qərarın alınmasında əməliyyat şirkətinin əsas məqsədi Azərbaycan xalqı ilə yanaşı ölkəyə gələn Formula 1 azarkeşləri, komanda heyətləri və çempionatın digər iştirakçılarının sağlamlığı və rifahını qorumaqdır.
Builki yarış həftəsonunun ləğvinə görə, alınan biletləri qaytarmaq istəyənlər əməliyyat şirkətinə [email protected] elektron ünvanı vasitəsilə müraciət edə bilərlər. Əks halda alınan biletlər gələn il baş tutacaq yarış üçün saxlanılacaq.
Digər tərəfdən, bildirmək istərdik ki, builki yarış həftəsonunun ləğvi yerli promouter üçün hər hansı bir maliyyə öhdəliyi yaratmır və eyni zamanda builki yarışın keçirilməsi ilə bağlı ödənilmiş lisenziya haqqı olduğu kimi gələn ilki yarış mövsümünə ötürülür.
Fürsətdən istifadə edərək bütün dəstəkçilərimizə, müştərilərimizə və tərəfdaşlarımıza göstərdiyi anlayış səbəbindən təşəkkürümüzü bildirir, hər birinizi gələn il Bakıda baş tutacaq gözlənilməz və həyəcanverici yarış məqamları ilə dolu növbəti möhtəşəm yarışa səbirsizliklə gözləyirik".
Qeyd edək ki, Azərbaycan Qran-prisindən əlavə, Yaponiya və Sinqapurdakı yarışlar da ləğv olunub.