İngiltərənin Xarici İşlər Nazirliyi final üçün Bakıya gələcək vətəndaşlarını xəbərdar edib.
FED.az “Talksport.com"a istinadən xəbər verir ki, qurum vətəndaşlarını Bakıda çox ehtiyatlı olmağa çağırıb.
"Final oyunu ərəfəsində insanların sıx toplaşdığı yerlərdə, bar və "pub"ların qarşısında, otellərdə dinc insanlara qarşı terror aktları törədilə bilər. Ona görə də ehtiyatlı olun.
Bakıda cinayətkarlıqla mübarizənin səviyyesi çox aşağıdır. Siz şəhərin mərkəzində, barların yaxınlığında, gecə klublarında soyğuna məruz qala bilərsiniz. Ona görə də, az işıqlandırılmış yerlərdə, qaranlıq küçələrdə, bar və gecə klublarının ətrafında tək gəzməyin, üzərinizdə çox pul gəzdirməyin. Çalışın heç kimə rüşvət verməyin."
Eləcə də bax: Futbol tədbiri üçün Bakıya 70 KIA gətirildi
Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bu məsələyə belə münasibət bildirib:
UEFA Avropa Liqasının 29 mayda Bakıda keçiriləcək final oyunu ərəfəsində Böyük Britaniya Xarici İşlər Nazirliyinin yaydığı Azərbaycana aid səyahət tövsiyələri anlaşılan deyil və təəccüb doğurur.
Azərbaycanda təhlükəsizlik və sabitlik tam şəkildə təmin olunub. Azərbaycan çoxsaylı mötəbər beynəlxalq tədbirlərə, o cümlədən beynəlxalq miqyaslı idman yarışlarına ev sahibliyi edir. Bu sırada Birinci Avropa oyunları, Dördüncü İslam Həmrəylik Oyunları, illik əsasda keçirilən Formula 1 Bakı Qran Prisi və UEFA Çempionlar Liqası çərçivəsində 2017-ci ildə Qarabağ-Çelsi futbol oyunu qeyd oluna bilər. Bu idman yarışlarını izləmək məqsədilə ölkəmizə gələn çoxsaylı əcnəbi ölkə vətəndaşları Azərbaycanda ictimai asayişin təmin olunması, mövcud olan sabitlik və təhlükəsizlik mühiti və bu kimi böyük miqyaslı idman tədbirlərinin təşkilatçılığından məmnun qalmışlar.
Azərbaycan, həmçinin turizm ölkəsidir və hər il ölkəmizə çoxsaylı əcnəbi turistlər səfər edir. Ölkəmizin malik olduğu digər müsbət xüsusiyyətləri ilə bərabər Azərbaycanda hökm sürən əmin-amanlıq, sabitlik və təhlükəsizlik əcnəbi turistləri cəlb edən vacib amillər sırasındadır.