17 aprel tarixində Bakının ən yüksək Biznes Mərkəzi olan Çinar Plazada Gənclər və İdman Nazirliyinin və PMD-nin dəstəyi, Triterra Bakı Triatlon Klubunun təşkilatçılığı ilə unikal idman yarışması – SkyWinD Vertical Run Race (Şaquli Qaçış Yarışı) baş tutmuşdur.
FED.az xəbər verir ki, dünyaca məşhur bu idman yarışması Bakı şəhərində ilk dəfə olaraq təşkil olunmuşdur.
Yarışmanın məqsədi ictimaiyyətin diqqətini sağlam həyat tərzinə, insanların pozitiv-emosional inkişafına, beynəlxalq idman təcrübələrinin ölkəmizdə tətbiqinə, gender bərabərliyinə, asudə vaxtın səmərəli təşkil edilməsinə yönəltməklə yanaşı, Azərbaycanın müasir dövrdə inkişafını tərənnüm etdirən yeni biznes mərkəzlərin və şəhərimizin simasına gözəllik qatan görkəmli tikililərin tanınmasına töhfə vermək idi.
30-a yaxın idmançının iştirakı ilə baş tutan yarışma ədalətli və sağlam mühitdə keçirildi. Idmançılar 32 mərtəbə və 667 pilləkəndən ibarət olan hədəfi qısa zamanda qət edərək, finiş nöqtəsinə çatdı. İştirakçı və qaliblərə xatirə medalları və hədiyyələr Gənclər və İdman naziri cənab Fərid Qayıbov tərəfindən təqdim edildi.
Qeyd edək ki, PMD BMT-nin müvafiq Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində həyata keçirilən Korporativ Sosial Məsuliyyət tədbirlərini bundan sonra da davamlı olaraq dəstəkləməyi hədəfləyir.