Azərbaycan futbolunda klublar təkcə idman göstəriciləri ilə deyil, həm də maliyyə nəticələri ilə yarışırlar.
FED.az xəbər verir ki, 2024-cü ilin nəticələrinə görə, bəzi klublar gəlir əldə etməyi bacarıb, digərləri isə hələ də zərərlə fəaliyyət göstərir. Mənfəət və zərər göstəriciləri klubun təkcə idman göstəricilərini deyil, həm də menecmentinin işini, sponsorların davranışlarını və son nəticədə kommersiya uğurlarını əks etdirən vacib göstəricilərdir.
Son dövrlər «Qarabağ» klubunun yerli və xarici turnirlərdə uğurlu çıxışı da, təkcə onun idman göstəricilərinə deyil, qazancına da təsirini göstərir.
Beləliklə. FED.az xəbər verir ki, 2024-cü ildə ən çox mənfəət əldə edən klub «Qarabağ Futbol Klubu»dur. Qarabağlılar 2024-cü ilin nəticələrinə görə, 876 min 900 manat xalis mənfəət açıqlayıb. 2024-də komanda bir il əvvəlki zərəri mənfəətə çevirə bilib. Belə ki, «Qarabağ» 2023-cü ili 1 milyon 782 min manat zərərlə başa vurmuşdu.
İkinci yerdə ölkə futbolunun son vaxtlar parlayan nümaynədəsi «Sabah» Futbol Klubu qərarlaşıb. Klub 2024-cü ildə 717 min manat xalis mənfəət əldə edib, bu əvvəlki illə müqayisədə düz 7 dəfəyə yaxın artım deməkdir. 2023-cü ildə klubun mənfəəti cəmi 108 min manat idi.
Mənfəətin məbləğinə görə, üçüncü sırada «Şamaxı» Futbol Klubu yer alır. Klubun bu ilki mənfəəti 548 min manat olub, bu da əvvəlki illə müqayisədə 3 dəfə artım deməkdir (2023-də mənfəət 167 min manat olmuşdu).
«Kəpəz» Futbol Klubu da zərərdən mənfəətə keçən klublar sırasındadır. Klub 2023-cü ildə 171 min manat zərər etsə də, 2024-cü ildə 219 min mənfəətə çıxa bilib.
«Sumqayıt» Futbol Klubunda da oxşar vəziyyətdir, 2023-cü ildə 167 min 300 manat zərər edən klub, 2024-cü ildə 86 min manat mənfəət əldə edib.
«Araz-Naxçıvan» Futbol Klubunun mənfəəti isə simvolikdir – ildə cəmi 268 manat. İstənilən halda bu göstərici 2023-cü ildəki zərərdən daha yaxşıdır.
«Zirə» Futbol Klubu mənfəətlə çalışsa da, mənfəəti 2023-cü illə müqayisədə 3 dəfə azalıb, 53 min manatdan 18 min manata düşüb.
«Turan Tovuz»da isə hələlik mənfəətdən danışmaq tezdir, komanda və menecmentin gücü ildə yalnız 12 manat mənfəətə çatıb, 2023-də də eyni vəziyyət idi - 163 manat mənfəət.
Ölkə futbolunun keçmiş flaqmanı «Neftçi», son illər yaşılmeydanlarla yanaşı maliyyə sahəsində də ciddi çətinliklər yaşayır. Komanda 2 ildir ki, zərərlə işləyir, hərçənd 2024-də vəziyyəti bir qədər düzəldə bilib. Belə ki, «Neftçi» 2023-cü ildə 2023-cü ildə 3 milyon 516 min manat zərər etdiyi halda. 2024-cü ildə zərəri 30 dəfə azaldaraq 120 min manata endirib.
Ən kəskin geriləmə isə «Səbail» Futbol Klubunda qeydə alınıb, 2023-cü ildə 97 min manat mənfəət göstərən klub, 2024-cü ildə 295 min manat zərərə düşüb.