Azərbaycanda Peşəkar Futbol Liqasında (PFL) iştirak edən futbol klublarının açıqlanıb.
Kim güclüdür - «Qarabağ», yoxsa «Neftçi»? – RƏQƏMLƏR, MÜQAYİSƏ
FED.az İDMAN ölkənin əsas futbol klublarının iqtisadi göstəricilərini təqdim edir.
Mənfəət və zərər göstəricilərinə əsasən, 2020-ci ildə ölkənin 8 əsas futbol klubundan yalnız 3-ü mənfəətlə işləyib.
Ən böyük mənfəət «Neftçi» klubunda qeydə alınıb, amma əvvəlki illə müqayisədə mənfəət 4 dəfə azalıb. Ötən il Bakı klubu ili 959 min manat mənfəətlə tamamlamışdı.
Digər 5 klub, o cümlədən ölkə futbolunun flaqmanı sayılan «Qarabağ» və vaxtilə ən varlı klublardan olan «Qəbələ» ili zərərlə başa vurublar.
«Qarabağ»ın zərəri 2019-cu illə müqayisədə 3,5 dəfə artıb, belə ki, Ağdam klubu 2019-cu ildə 1075 min manat zərər etmişdi.
«Qəbələ» klubu da çətin il keçirib, eyni adlı rayonun klubunun zərəri 4 dəfədən çox artaraq 2,3 milyon manat olub.
Sponsorundan ciddi dəstək alan «Sabah» klubu da çətinliklərdən yan keçə bilməyib – 2019-cu ildə mənfəət əldə edən klub, bu il 500 min manatdan çox zərərlə üzləşib.
«Sumqayıt» klubu 2 milyon manatdan artıq zərər etsə də, bunu müsbət dəyişiklik saymaq olar, çünki ötən il zərər bundan daha çox idi.
«Zirə» ilə «Səbail» klublarının gəlirləri isə demək olar ki, xərcləri ödəməyə çatır. Hər iki klub 2020-ci ili cüzi mənfəətlə tamamlayıb.