İrlandiyanın Dublin şəhərindəki Konvensiya Mərkəzində futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. FED.az xəbər verir ki, püşkatma nəticəsində futbol üzrə Azərbaycan milli komandası "E" qrupunda yer alıb.
Eləcə də bax: Azərbaycanda futbolçular nə qədər qazanır?
Azərbaycan yığması AVRO-2020-nin final mərhələsinə düşmək üçün Xorvatiya, Slovakiya, Uels və Macarıstan komandaları ilə mübarizə aparacaq.
UEFA-ya üzv olan 55 ölkənin yığma komandaları qitə futbol qurumunun reytinqində yer aldıqları mövqeyə uyğun olaraq 7 səbətə bölünüblər. Avropa çempionatının seçmə mərhələsində ilk 5 qrupda altı, sonrakı 5 qrupda beş komanda mübarizə aparacaq. Hər qrupdan ilk iki yeri tutan yığmalar final mərhələsinə yüksələcək.
Eləcə də bax: Türkiyədə futboldan milyonlar qazanırlar – İDMAN BİZNESİ
Tədbirdə Azərbaycanı AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov, baş katib Elxan Məmmədov və Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov təmsil edib.
AVRO-2020-nin final mərhələsinin püşkü 1 dekabr 2019-cu ildə atılacaq. Həmin vaxt Millətlər Liqasından vəsiqələrin sahibləri müəyyənləşməyəcəyindən, onlar 1 - 4 pley-offlarının qalibləri kimi adlandırılacaqlar.
Qeyd edək ki, 2020-ci il iyunun 12-dən iyulun 12-dək keçiriləcək final mərhələsinə Azərbaycan, İngiltərə, Macarıstan, Almaniya, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Hollandiya, Rusiya, Rumıniya və Şotlandiya ev sahibliyi edəcək. Bakı Olimpiya Stadionunda qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu keçiriləcək.