Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı, hazırda Londonda yaşayan Zamirə Hacıyeva 22 milyon funt-sterlinq dəyərində əmlakını itirə bilər.
Eləcə də bax: Cahangir Hacıyev Ali Məhkəməyə - ŞİKAYƏT VERDİ
FED.az xəbər verir ki, Britaniya Ali Məhkəməsi bu gün Zamirə Hacıyevanın bu qədər pulu necə əldə etməsini açıqlamağı tələb edən Milli Cinayət Agentliyi tərəfindən ona qarşı açılan cinayət işinə qarşı apelyasiya şikayətini rədd edib.
Daha öncə Apelyasiya məhkəməsi də 2018-ci ildə çıxarılmış qərarın ləğvi ilə bağlı verilmiş apelyasiya şikayətini ləğv etmişdi.
Məhkəmə tələbini yerinə yetirmədiyi təqdirdə Britaniyanın Milli Cinayət Agentliyi Londonun mərkəzindəki evi və 11 milyon funt-sterlinqlik “Berkshire golf” sahəsi daxil olmaqla, onun 22 milyon funt-sterlinq dəyərində əmlakına əl qoya biləcək.
Xatırladaq ki, Böyük Britaniyada 2017-ci ildə qəbul edilmiş "Kriminal maliyyələşdirmə haqqında" qanuna əsasən, Britaniyanın Milli Cinayət Agentliyi mənbəyi aydın olmayan sərvət haqqında sorğu (Unexplained wealth orders, UWO) göndərmək hüququna malikdir. Eyni zamanda 50 min funt sterlinqdən artıq gəlir əldə edilməsinə dair aydın izahın olmadığı təqdirdə aktivlər dondurula bilər.
Z. Hacıyeva çirkli pulların yuyulması, bankın pullarının mənimsənilməsində günahlandırılır. (Apa)