Bakı Ağır Cinayətlər Məhkəməsində "Zaminbank"ın vəzifəli şəxsləri Anar Osmanov, Şahin İlyasov, Anar Həsənov və Zərifə Tağıyevanın cinayət işi üzrə məhkəmə prosesi davam edib.
FED.az xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror zərərçəkmiş tərəfdən ziyanın ödənilməsi haqda soruşub.
Eləcə də bax: "Zaminbank"ın vəzifəli şəxslərinin məhkəməsi - BAŞLAYIB
"Zaminbank"ın nümayəndəsi bildirib ki, istintaq orqanı dəymiş zərər kimi 1 milyon 337 min manat göstərib. Bu məbləğ də təqsirləndirilən şəxslər tərəfindən ödənilib.
Nümayəndə əlavə edib ki, göstərilən 1 milyon 337 min manat faiz borcları ilə birlikdə hesablanıb. Bu pul ödənilib və istintaq belə qənaətə gəlib ki, zərər tam ödənilib.
Məhkəmə iclası noyabrın 14-də davam etdiriləcək.
Qeyd edək ki, Şahin İlyasov cinayət məsuliyyətinə cəlb edilənə qədər "Zaminbank"ın "Sumqayıt" filialının müdiri olub. Digər təqsirləndirilən şəxslər isə filialın işçiləri olub.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Məlumata görə onlar ayrı-ayrı şəxslərin adına kredit artıraraq bankın pulunu mənimsəyiblər.