Dünən Şamaxıda üç yeniyetmə oğlan süni göldə boğulub. Onlardan ikisi həyatını itirib, birini isə həkimlərin səyi nəticəsində xilas etmək mümkün olub.
Belə ki, Əngəxaran kənd sakinləri, 16 yaşlı Ağaqardaş Rəhimov və 14 yaşlı Rəvan Mirzəyev Qızmeydan kəndi ərazisində yaradılmış süni göldə çimərkən boğularaq ölüblər.
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, həmin göl Şamaxının Çuxuryurd kəndi ilə Qızmeydan kəndi arasından keçən Pirsaat çayının yatağında iki həftə əvvəl yaradılıb. Gölün çimərlik məqsədilə istifadə olunmasına başlanılıb və giriş üçün adambaşı əvvəlcə 10 manat təyin olunsa da, sonradan qiymət 5 manata salınıb. Çimərlik ərazisinə giriş-çıxış şlaqbaumları qoyulsa da, bütün ərazidə xidmət kustar üsullarla həyata keçirilir.
Oradan turistlər və ətraf kəndlərin sakinləri çimərlik kimi istifadə etməyə başlayıblar. Lakin ərazidə təhlükəsizliyə riayət olunması, xilasetmə avadanlığı və xilasedicilərlə bağlı heç bir tədbir görülməyib. Təxminən 100 metr diametrdə yaradılan çimərliyin dərinliyi 1,5-1,8 metr təşkil edir.
Qeyd edək ki, sözügedən gölə Pirsaat çayının istiqaməti dəyişdirilərək axın təşkil olunur. Çayın kənarında qazılmış arxla su gölə axıdılır. Digər tərəfindən isə çıxış yaradılaraq ərazidə yaradılan başqa göllərə axın təmin olunur.
Məlumat üçün bildirək ki, həmin ərazidə çınqıl-şebel istehsal edən böyük bir zavod da fəaliyyət göstərir. Çimərliklə yanaşı, ərazidə insanların balıq ovu ilə məşğul olması üçün süni şəkildə bir neçə balıq gölü də yaradılıb. Hazırda həmin göllərdə istirahət qurğularının tikintisi aparılır.
Baş vermiş hadisə və yaranmış vəziyyətlə bağlı artıq Şamaxı rayon Prokurorluğunda araşdırma aparılır.
Şamaxı Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən gölün yaradılması ilə bağlı İcra Hakimiyyətinə heç bir müraciət daxil olmayıb: "Həmin gölün sahibkar Sərxan Osmanova məxsus olduğu aşkar edilib. Gölün yaradılması zamanı İcra Hakimiyyətindən icazə alınmayıb. Göl karxana ərazisində qanunsuz fəaliyyət göstərib".
Qeyd edək ki, sözügedən ərazidəki göllər və zavodun SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılova məxsus olması ilə bağlı da məlumatlar var. Sərxan Osmanovun isə orada icraçı olduğu bildirilir.
Fövqəladə Hallar Nazirliyindən bildirildi ki, qeyd olunan hadisə ilə əlaqədar FHN-in “112” qaynar telefon xəttinə müraciət daxil olmayıb: "Həmçinin, sözügedən göl yaradılarkən ərazidə təhlükəsizlik tədbirləri ilə bağlı Nazirliyə müraciət olunmayıb. Çimərlik məqsədilə nəzərdə tutulan ərazilərin sualtı hissəsinə müraciət əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən baxış keçirilir və Xidmət tərəfindən sualtı relyef haqqında rəy verilir. Bununla əlaqədar Nazirliyə müraciət olunmadığından ərazi qeyri-çimərlik ərazi kimi nəzərdə tutulmalıdır".