“Yatırım” adı altında piramida dələduzluq sxemi quraraq çoxsaylı vətəndaşlardan 140 min manatdan artıq pul toplayaraq ələ keçirən şəxsə hökm oxunub.
“WhatsApp”da piramida qurdu, 100 nəfəri aldatdı - MƏHKƏMƏ
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 1993-cü il təvəllüdlü Vahid Rzayev Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi ilə təqsirli bilinib.
Qeyd olunub ki, V.Rzayev votsap mesajlaşma proqramında “Yatırım” adlı qrup yaradılıb. Həmin şəxs sosial şəbəkələrdə qrupun reklamını təşkil edərək müxtəlif yalan və şirnikləndirici vədlərlə insanların etibarını qazana bilib. Ona müraciət edən vətəndaşlara yatırım etmək adı ilə qoyduqları sərmayənin 2-3 qat mislini ödəyəcəyi barədə həqiqətə uyğun olmayan vədlər verən qrupun admini qurduğu dələduzluq piramidası əsasında 100-dən artıq vətəndaşı aldadıb.
O, əldə etdiyi pulları internet qumar oyunlarında xərcləyib və böyük hissəsini uduzub.
Məhkəmədə zərərçəkmiş şəxslər V.Rzayevlə borcun ödənilməsinə dair müqavilə bağladıqlarını bildiriblər və ondan şikayətçi olmadıqlarını bildiriblər. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 31 yaşlı Vahidə 5 il azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Lakin onun cəzası 2 il sınaq müddəti təyin edilməklə şərti hesab edilib və məhkəmə zalından azadlığa buraxılıb. V.Rzayev barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Qeyd edək ki, V.Rzayev DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla saxlanılmışdı.