Son günlər ölkədə bir-birinin ardınca böyük yanğın hadisələri qeydə alınır. Bu hadisələr müxtəlif ərazilərdə və fərqli məkanlarda baş verir, bəzən isə fəsadlar yaradır. Təəssüf ki, bəzi yanğınlar insan tələfatı ilə də nəticələnərək cəmiyyətdə ciddi narahatlıq doğurur.
Yasamalda 3 nəfərin öldüyü yanğınla bağlı - Bəhruz Paşayev həbs olunub - RƏSMİ
İlkin araşdırmalar göstərir ki, hadisələrin baş verməsində sahibkarların səhvləri var. Bəs belə hallarda təhlükəsizlik qaydalarına əməl etməməyə görə sahibkarları hansı cəzalar gözləyir?
FED.az xəbər verir ki, hüquqşünas Babək Umudov bildirib ki, sahibkarlar və müəssisə rəhbərlərinin yanğın təhlükəsizliyi qaydalarını pozarlarsa və bunun nəticəsində zərər dəyərsə bu, inzibati və ya cinayət məsuliyyəti yaradır.
O qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə görə, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar 20 manatdan 30 manatadək məbləğdə cərimə edilir:
“Vəzifəli şəxslərə isə xəbərdarlıq edilir və ya onlar 100 manatdan 150 manatadək məbləğdə, hüquqi şəxslər 350 manatdan 500 manatadək məbləğdə cərimələnirlər.
İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsinə görə, inşaat işlərinin aparılması məqsədi ilə torpaq sahələrinin ayrılması, layihələndirilməsi, habelə ərazilərin, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması, genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların istismara verilməsi zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər 200 manatdan 300 manatadək məbləğdə, vəzifəli şəxslər 800 manatdan 1000 manatadək məbləğdə, hüquqi şəxslər 2000 manatdan 3000 manatadək məbləğdə cərimə olunurlar”. (Sfera.az)









