Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə və İşlər idarəsinin Təsərrüfat şöbəsinin keçmiş müdiri Səlim Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir.
Eləcə də bax: Prokuror Vüqar Səfərliyə - 11 İl Həbs Cəzası İstəyib
FED.az biznes və maliyyə xəbərləri portalı Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Çıxış zamanı hər iki şəxsin 7 il müddətə azadlıqdan məhrum edilməsi tələb olunub.
Hər iki şəxs 2020-ci ilin iyulunda Dövlət Təhlükəsizliyi Xidmətinin Xarici İşlər Nazirliyində apardığı əməliyyat zamanı saxlanılıb və barələrində Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. Lakin dekabrda məhkəmə onları ev dustaqlığına buraxıb.
İttihama görə, F.Mollazadə S.Əlizadə və digərləri ilə əlbir olub çoxsaylı şirkətlər vasitəsilə nazirlik üçün hədiyyələr, dəftərxana ləvazimatları, suvenirlər və s. alınması məqsədilə ümumilikdə 2 milyon 543 min 173 manat vəsaiti mənimsəyiblər. F. Mollazadə dəymiş ziyanın 2,3 milyon manatını ödəyib.
Qeyd edək ki, Səlim Əlizadə Azərbaycanın “Avroviziya-2010” təmsilçisi, müğənni Səfurə Əlizadənin atasıdır. O, həmçinin mərhum energetika naziri Natiq Əliyevlə quda olub.