Ötən ayın bitməsinə iki gün qalmış ləğv edilən Maliyyə Bazarlarına Nəzarət Palatası SOCAR – Dövlət Neft Şirkətinin “Neftqaztikinti” Trestinin barəsində inzibati cərimə protokolu tərtib edib.
FED.az Banker.az-a istinadən xəbər verir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8 noyabr 2019-cu il tarixli qərarında SOCAR-ın törəməsinə qarşı İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsi bildirilir. Cərimənin cəmi həcmi 1 097,63 ABŞ dolları məbləğindədir.
Eləcə də bax: «Azərbaycan Metanol» şirkəti SOCAR-ı – MƏHKƏMƏYƏ VERİB
Bu qərara dair “Neftqaztikinti” Tresti razı qalmayaraq Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
İXM-nin bu maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə cərimə tərtib edilir.
Vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20-dən otuz faizinədək məbləğdə cərimə edilir.
Hazırda bu maddə üzrə cərimə tərtib etmə hüququ Azərbaycan Mərkəzi Bankına ötürülüb.