Konstitusiya Məhkəməsi Azərbaycana köçürülməli pulu xarici bankda saxlayan vətəndaşlarla bağlı qərər qəğul edib.
FED.az xəbər verir ki, yanvarın 6-da Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun növbəti məhkəmə iclası keçirilib.
iclasda Sumqayıt Şəhər Məhkəməsinin müraciəti əsasında İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin Cinayət Məcəlləsinin 208-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Eləcə də bax: İri həcmdə dollar alanlara nəzarət gücləndirilib – MÖHÜRLÜ SƏNƏD, YA DA 14% VERGİ
Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına aiddir. Məddədə deyilir: «Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə -
inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir.
Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür".
Cinayət Məcəlləsinin 208-ci maddəsi də xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması ilə bağlıdır. Həmin maddədə deyilir: 208.1. Təşkilat rəhbərləri tərəfindən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan xeyli miqdarda xarici valyuta vəsaitlərini xaricdən qaytarmama— üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
208.2. Eyni əməllər:
208.2.1. külli miqdarda törədildikdə;
208.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə—
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu maddədə «xeyli miqdar» dedikdə, qaytarılmamış xarici valyuta vəsaitlərinin iyirmi min manatdan, yuxarı, lakin otuz min manatdan artıq olmayan məbləği, “külli miqdar” dedikdə otuz min manatdan artıq olan məbləği başa düşülür".
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələri - Sumqayıt Şəhər Məhkəməsinin hakimi F.Əliyevin və Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektorunun müdiri K.Paşayevanın, mütəxəssislər - Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri H.Nəsibovun və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri V.Cəfərovun yazılı mülahizələrini, ekspert qismində Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasının dosenti M.Bayramovanın yazılı rəyini və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Konstitusiyasının 71-ci maddəsinin VIII hissəsinin, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 7-ci maddəsinin, habelə Cinayət Məcəlləsinin 1.3-cü və 3-cü maddələrinin tələblərinə müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində fiziki şəxs tərəfindən əldə edilmiş və Azərbaycan müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xeyli və ya külli miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə cinayət məsuliyyəti müəyyən edilmədiyindən, şəxs həmin Məcəllənin 208-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilməz.
Bununla yanaşı, Konstitusiya Məhkəməsi bu vəziyyəti boşluq hesab edir və Milli Məclisə tövsiyə epdib ki, təcili olaraq bu boşluğu aradan qaldırsın və Cinayət Məcəlləsinə əlavə etsin.
«Xarici iqtisadi fəaliyyəti həyata keçirən fiziki şəxs tərəfindən xeyli və ya külli miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə təxirəsalınmadan cinayət məsuliyyətinin müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun»-deyə qərarda bildirilir.
O vaxta qədər isə xaricdən pulu Azərbaycan banklarına köçürməli olan amma köçürməyən vətəndaşlara qarşı digər tədbirlər görüləcək.
Belə ki, Qərarda bildirilir ki, Milli Məclis Cinayət Məcəlləsinin 208-ci maddəsinə bu barədə dəyişiklik edənə qədər xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində xeyli və ya külli miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmasını təmin etməyən fiziki şəxs İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “Qeyd” hissəsinin tələbləri nəzərə alınmaqla inzibati məsuliyyətə cəlb edilə bilər.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.