Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.
Məhkəmədə prokurorun suallarını cavablandıran V.Səfərli bildirib ki, əlamətdar günlərdə KİVDF-nin yazı müsabiqələri keçirilirdi: "Müsabiqələrdə 1-ci yer üzrə 1 000 manat, ikinci yer üzrə 800 manat, 3-cü yer üzrə isə 500 manat pul mükafatları verilirdi. Bundan əlavə müsabiqədə yer tutmayan jurnalistlərə həvəsləndirici yerlər müəyyən edilirdi və hər jurnalistə 300 manat pul mükafatı təyin olunurdu.
Bununla yanaşı, mərasimlərdə jurnalistlərlə birlikdə qonaqlar da olurdu. Bu qonaqlar müxtəlif vəzifələrdə çalışan insanlar, nazirlər, nazir müavinləri, dövlət və qeyri-hökumət təşkilatlarının rəsmiləri, millət vəkilləri, nazirlik və komitə rəhbərləri, digər rəsmi şəxslər iştirak edirdilər. Həmin şəxslərdən tədbirlərə gəlməyənlər də olurdu. Tədbirə çağırılan qonaqların siyahını bizim işçilər hazırlayırdı, bir qisminə isə dəvətnamə göndərilirdi. Tədbirlərdə nazirlər və icra başçıları da dəvət olunurdu.
Həmçinin tədbirlərə televiziya çəkilişləri üçün əməkdaşlar da dəvət edilirdi. Hər tədbirdə təkcə AZTV-dən 15 işçi olurdu. Həmin tədbirlər tenderlərlə keçirilirdi. Tenderlərdə bütün qiymətlər yazılırdı. İstintaqda bilmişəm ki, Dövlət Satınalma Agentliyi bununla bağlı şərt qoyub ki, bu cür tədbirlərdə stulun birinin qiyməti 60 manatdan artıq olmamalıdır".
Prosesin davamında V. Səfərli bank hesabında olan məbləğlə bağlı prokurorun suallarını cavablandırıb. Təqsirləndirilən şəxs deyib ki, həmin vəsaiti o devalvasiya vaxtı əldə edib: "Ölkədə devalvasiya vaxtı mənim bankda vəsaitim olub. Həmin vəsaiti dollar bahalaşmazdan əvvəl bankdan çıxardım, dollara çevirib yenidən banka yatırdım və bu prosesdə yaxşı qazandım. Pulu bir müddət dollar kimi bankda saxlayandan sonra faiz az olduğu üçün çıxardım. Manat sabitləşəndən sonra həmin məbləği manatla yenidən banka qoydum. Müstəntiq isə bunu yeyinti kimi qeyd edib”.
Tenderin keçirilməsi qaydaları ilə bağlı epizoda münasibət bildirən V. Səfərli qeyd edib ki, tender qanunvericiliyə uyğun aparılıb: "Vəsaitlərə Müşahidə Şurası nəzarət edirdi. Vəsaitin ödənilməsini Maliyyə Nazirliyi həyata keçirirdi. Maliyyə Nazirliyi həmişə bizim smeta xərclərimizi normal qiymətləndirirdi. KİVDF-yə vəsatət xərclər smetasına əsasən ayrılırdı. Xərclər smetasına qəzetlərə ayrılan vəsaitlərlə yanaşı, icarə müqaviləsi də daxil idi. Həmin vəsaitdən başqa bizə bir qəpik də pul ayrılmırdı. İl başa çatanda mən Müşahidə Şurası qarşısında hesabat verirdim. Müşahidə Şurası hesabatı təsdiqləyəndən sonra sənədlər Maliyyə və İqtisadiyyat nazirliklərinə göndərilirdi. Müşahidə Şurası hesabatı dinləyib qeydlər aparıb müzakirəyə çıxarırdı, sonra səsə qoyub qiymət verirdi.
Beynəlxalq Mətbuat Mərkəzinin binasında bizdən başqa da dövlət qurumları yerləşirdi. Həmin qurumlar nə qədər icarə verirdi, ondan xəbərim yoxdur”.
Jurnalistlərə hədiyyələrə verilməsi ilə bağlı V. Səfərli bildirib ki, hədiyyə verdikləri şəxslərə qol çəkdirə bilməzdilər: “Hədiyyə sahibinə necə deyək ki, sənə bu qədər qiyməti olan hədiyyə veririk, bura qol çək".
Tikinti məsələlərindəki israfçılıq məsələsinə gəlincə Vüqar Səfərli bildirib ki, bu prosesə o nəzarət etməyib: "Mən yalnız iş başa çatandan sonra gedib baxırdım. Mən tikintiyə istəsəm də, nəzarət edə bilməzdim. Çünki buna nəzarət edənlər var idi”.
Daha sonra təqsirləndirilən şəxs qismində KİVDF-nin mühasibi Təhminə Yaqubova ifadə verib. O, bildirib ki, 2011-ci ildən fondda işləyib: "Mən orada yalnız xərclər smetası çərçivəsində işləmişəm. Maliyyə Nazirliyi smetanı təsdiqləyəndən sonra həmin smeta əsasında işləmişəm. Heç bir halda mənə irad tutulmayıb. Mən baş mühasib olmuşam, tədbirlərə hamıdan gec gəlmişəm. Mən orada qonaqlar saymamışam. Əlimdə sənədlər olub, həmin sənədlərlə ödənişimi etmişəm. İstintaq isə məni mənimsəmədə təqsirləndirilir. Mən Müşahidə Şurasının qərarları əsasında ödənişlər etmişəm. Bəlkə də mənim xərclərə müdaxilə etmək ixtiyarım var idi, amma müdaxilə etmirdim, çünki binanın yerinə görə icarə haqqının normal olduğunu hesab edirdim. İstintaqda məndən Əli Həsənov barədə soruşurdular, mən Əli müəllimi tanımamışam, sadəcə uzaqdan-uzağa görmüşəm. Mən işimi icra edib əmək haqqımı almışam. İstintaq mənim KİVDF-nin işçiləri ilə əlbir olduğumu göstərir, mən heç təqsirləndirilən şəxslərin əksəriyyətini tanımıram. Mal-materiallara gəlincə, mən o prosesdə də sən
Proses oktyabrın 1-də davam edəcək.
Qeyd edək ki, cinayət işi üzrə Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.
Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2020-ci il aprelin 4-də imzaladığı sərəncamla Vüqar Səfərli KİVDF-nin İcraçı direktoru vəzifəsindən azad edilib.
O, 2021-ci il yanvarın 14-də həbs olunub və barəsində cinayət işi açılıb.
Mənbə: Report, APA