İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Eləcə də bax:FHN Hospitalının baş həkiminə - HÖKM OXUNDU
FED.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. İlk olaraq Sərxanlı kənd sakini Namiq Xankişiyev dindirilib. Şahidin sözlərinə görə, atasının adına olan torpağı öz adına keçirmək üçün İcra Hakimiyyətinin hüquqşünası Rafiq Zahidova 1300 manat pul verib.
İmişli rayonunda sahibkarlıqla məşğul olan Hümbət Həsənov isə Vilyam Hacıyevlə münasibətinin olmadığını, iş görmək üçün pulu rayonun baş memarına verdiyini deyib: "Yanacaqdoldurma məntəqəsi var idi. Onu böyütmək üçün baş memara müraciət etdim. Dedilər ki, buna görə rayonun quruculuq işləri üçün İcra Hakimiyyətinə 3 min manat verməlisən. Mən də pulu baş memar Nazimlə birlikdə mühasibatlığa verdim".
Hazırda bələdiyyə sədri işləyən Məmi Atakişiyev isə bildirib ki, bağça müdiri işləyən tanışının işi üçün İcra Hakimiyyətinin mühasibinə 5 min manat verib: "Vilyam Hacıyevlə yaxşı münasibətimiz olub. Duz-çörək kəsmişik. Tanışım Səadət Şəhpələngova bağça müdiri işləyirdi, səhv işləyirdi. Vilyam müəllim də onu işdən çıxarmaq istəyirdi. Gəldim Vilyam Hacıyevə xahiş elədim, eşitdi. O da buna görə mənə 5 min manat verdi, gətirib İcra Hakimiyyətinin mühasibi Cəmilə verdim”.
Daha sonra o, təqsirləndirilən şəxsə üzünü tutaraq “Vilyam müəllim, başına dönüm, səni həmişə sevmişəm. Amma kişi kimi danışaq, 5 min manatı vermişəm", - deyə bildirib.
Daha sonra şahid qismində Orxan Atakişiyev dindirilib. Şahidin sözlərinə görə, Dövlət İdarəçilik Akademiyasında üçüncü təhsil almaq üçün İcra Hakimiyyətinin baş mühasibi Cəmil Musayevə 5 min manat veriblər.
İmişli rayon Yalavac kəndində sahibkarlıqla məşğul olan Malik Əliyev isə kənd təsərrüfatı təyinatlı 300 hektar torpaq almaq üçün mühasibə 70 min manat verdiyini deyib:
"Bununla bağlı İcra Hakimiyyətinin mühasibinə müraciət etmişəm. Məndən 70 min manat istədi, verdim. O da torpağın sənədlərini verdi. İndi də həmin torpaq sahəsi istifadəmdədir. 180 baş inəyim var".
Proses martın 28-də davam etdiriləcək.
Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.
İstintaq orqanı tərəfindən toplanmış materiallarla sabiq icra başçısı barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham elan olunub. (Apa)