Cinayət Məcəlləsinin 341-ci maddəsinin adı (Hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) dəyişdirilərək “Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma” olacaq, maddə yeni redaksiyada veriləcək.
Eləcə də bax: Milli Məclisin növbəti iclasının gündəliyi - TAM SİYAHI
FED.az xəbər verir ki, bu, Milli Məclisin aprelin 17-də keçiriləcək plenar iclasının gündəliyinə salınmış Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan Cinayət Məcəlləsinin 341.1-ci maddəsinə əsasən, rəisin və ya vəzifəli şəxsin hakimiyyətdən və ya öz qulluq mövqeyindən sui-istifadə etməsi, hakimiyyət həddini və ya qulluq səlahiyyətini aşması, hakimiyyətdən qəsdən istifadə etməməsi, bu əməllər müntəzəm, yaxud tamahkarlıq məqsədilə və ya digər şəxsi marağa görə törədildikdə, habelə bu əməllər əhəmiyyətli zərər vurduqda 2 ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Layihəyə əsasən, 341.1-ci maddənin dispozisiyası dəyişir, sanksiyasına 2 min manatdan 4 min manatadək miqdarda cərimə əlavə olunur. Başqa sözlə, rəisin və ya vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi və ya xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda 2 min manatdan 4 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Qulluğa səhlənkar yanaşma (342-ci maddə) ilə əlaqədar da cərimə və cəzalar da dəyişir. Qüvvədə olan qanuna görə, Rəisin və ya vəzifəli şəxsin öz xidməti borcuna səhlənkar yanaşması əhəmiyyətli zərər vurduqda 2 ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təklif edilən dəyişikliyə əsasən, rəisin və ya vəzifəli şəxsin öz xidməti borcuna vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda 1500 manatdan 3 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə tətbiq olunacaq. Əlavə edilməsi təklif olunan 342.1-1 maddəsinə əsasən, eyni əməllər ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası tətbiq ediləcək.
Qüvvədə olan Cinayət Məcəlləsinə əsasən, eyni əməllər ağır nəticələrə səbəb olduqda, habelə müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılıb. Dəyişikliyə əsasən, həmin əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda, habelə müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq olunacaq.
Apa