Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında" Qanunu imzalayıb.
Azərbaycanda kredit Mülki Məcəllənin tələbləri - Nəzərə Alınmaqla Veriləcək
FED.az xəbər verir ki, Mülki Məcəllədə dəyişikliklər və Məcəlləyə əlavələr edilib.
Əlavələr ilə vətəndaşlara bir sıra hüquqlar verilir:
Belə ki, istehlakçının istehlak krediti müqaviləsindən imtina hüququ qanuniləşib.
"İstehlakçı istehlak krediti müqaviləsi üzrə pul vəsaitinin ona verildiyi gündən 30 (otuz) gün müddətində heç bir səbəb göstərmədən istehlak krediti müqaviləsindən imtina edə bilər. Bu halda, istehlakçı müqavilə üzrə verilmiş pul vəsaitini və həmin pul vəsaitinin verildiyi gündən qaytarıldığı günədək hesablanan faizləri ödəməlidir. Borcverən tərəfindən ödənilən dövlət rüsumu və xidmət haqlarının məbləği istisna olmaqla, istehlakçıdan kompensasiya və hər hansı digər ödənişlərin alınması yolverilməzdir.
746-3.2. İstehlakçı bu Məcəllənin 746-3.1-ci maddəsində nəzərdə tutulmuş hüququndan istifadə etdikdə, istehlak krediti müqaviləsi ilə bağlı borcverənlə və ya borcverənlə bağladığı müqavilə əsasında xidmət göstərən üçüncü şəxslə bağlanmış əlavə xidmət müqavilələrinə xitam verilir və istehlakçı həmin müqavilələr üzrə hər hansı öhdəlik daşımır",- Məcəlləyə əlavə edilən 746-3.1-ci maddədə bildirilir.
Əlavə edilən, Maddə 746-4-ə görə, istehlakçı istehlak kreditini istənilən vaxt xəbərdarlıq etmədən tamamilə və ya qismən borcverənə qaytara bilər. Bu halda, kreditin qalıq müddətinə görə hesablanmış faizlər və (və ya) digər haqlar vaxtından əvvəl ödənilmiş məbləğə mütənasib olaraq azaldılır.
Borcverən istehlak krediti müqaviləsinin vaxtından əvvəl icrası zamanı bu Məcəlləyə uyğun olaraq zərərin əvəzinin ödənilməsi üçün istehlakçıdan bu Məcəllənin 746-4-cü maddəsinin tələbləri nəzərə alınmaqla, müqavilə ilə müəyyənləşdirilmiş kompensasiya məbləğini tələb edə bilər. Məcəllənin 746-4.2-ci maddəsində göstərilən kompensasiyanın məbləği müqavilə müddətinin bitməsinə bir ildən çox müddət qaldıqda, istehlak krediti üzrə vaxtından əvvəl ödənilmiş məbləğin 1 (bir) faizindən, bir il və daha az müddət qaldıqda isə 0,5 faizindən çox olmamalıdır.