Dövlət Təhlükəsizliyi Xidməti (DTX) dövlətin ordu quruculuğu sahəsində qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının fəaliyyətinə kölgə salan cinayət əməllərinə qarşı mübarizə tədbirlərini davam etdirir.
Eləcə də bax: Vüsal Babayevin rüşvət alması belə müəyyən olunub - Rəsmi Açıqlama
FED.az DTX-nin saytına istinadən xəbər verir ki, Vətən müharibəsi iştirakçısı olan hərbi qulluqçulara dövlət tərəfindən müəyyən edilmiş maddi təminatların ödənilməsinə görə bəzi vəzifəli şəxslərin rüşvət almalarına dair əldə olunmuş məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks araşdırma tədbirləri həyata keçirilmişdir.
Faktla bağlı başlanılmış cinayət işi üzrə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının bölmə rəisi Eyvazov Vüsal Qorxmaz oğlunun xidməti vəzifələrinin icrası zamanı həmin Hospitalın digər əməkdaşı Ağayev Hüseyn İlham oğlunun vasitəsilə çoxsaylı hərbi qulluqçuların hər birindən onlara dövlət tərəfindən birdəfəlik sosial sığorta müavinətinin ödənilməsi üçün Vətən müharibəsində aldıqları xəsarət dərəcələrinin təyin edilməsi müqabilində pul vəsaitlərini rüşvət qismində istəyərək almasına əsaslı şübhələr müəyyən edilmişdir.
Keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində Vüsal Eyvazov və Hüseyn Ağayev cinayət başında yaxalanmışlar. Vüsal Eyvazov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 (vəzifəli şəxs tərəfindən təkrar rüşvət alma), Hüseyn Ağayev 32.5, 311.3.2 (təkrar rüşvət almada iştirakçılıq) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə araşdırmalar davam etdirilir.