Bir müddət öncə həbsdə öldüyü haqda xəbər yayılan Naxçıvanın keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərovun sağ olduğu haqda rəsmi açıqlama verilib.
Eləcə də bax: Naxçıvan DTX-dən Zakir İsmayılovla bağlı - AÇIQLAMA
FED.az biznes və maliyyə xəbərləri portalı Qafqazinfo-ya istinadən xəbər verir ki, yayıldığı gün rəsmi qurumlar tərəfindən təkzib edilməyən bu xəbərlə bağlı 13 gün sonra digər məsələ haqda yayılan açıqlamada bəhs edilib.
Belə ki, Naxçıvan Dövlət Təhlükəsizliyi Xidməti həbsdə ölən polkovnik Zakir İsmayılovla bağlı açıqlama yayarkən onun hazırda həbsdə olan Vəli Ələsgərovun təqdimatı ilə Bakıya xidmətə göndərildiyini qeyd edib.
Bununla da Naxçıvan DTX sabiq nazir Vəli Ələsgərovun ölmədiyini, hazırda həbsdə olduğunu açıqlayıb.
Qeyd edək ki, sabiq nazir Eldar Mahmudov vəzifəsindən azad olunandan sonra V.Ələsgərov 14 il müddətinə azadlıqdan məhrum edilib. Sabiq nazir vəzifə səlahiyyətlərini aşmaqda, dövlət əmlakını talamaqda, qulluq mövqeyindən sui-istifadə etməkdə, telefon danışıqlarını qanunsuz dinləmədə və digər cinayətlərdə ittiham olunurdu. V.Ələsgərov 15 il Naxçıvan Muxtar Respublikasının Milli təhlükəsizlik naziri vəzifəsində çalışıb.