Xəbər verdiyimiz kimi, Mülki Prosessual Məcəllədə dəyişiklik edilib.
FED.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, məhkəməyə dəfələrlə əsassız vəsatət, şikayət verən vəkili və tərəfləri 500 manatadək cərimələmək hüququ verilib.
Eləcə də bax: Ali Məhkəmədə icraat qaydası - Dəyişib
Sənəddə göstərilir ki, məhkəmə, işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən, o cümlədən, dəfələrlə açıq-aşkar əsassız vəsatət və ya şikayətlər verən işdə iştirak edən şəxsləri, onların nümayəndələrini və ya vəkillərini 500 manatadək cərimə edə bilər.
Cərimənin məbləği məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən ediləcək.
Qeyd edək ki, qanunvericiliyə təklif edilən əvvəlki dəyişiklikdə öncə vəkillərin cərimələnməsi nəzərdə tutulurdu. Müzakirələrdən və vəkillərin etirazından sonra əlavə dəyişiklik olundu və məhkəmədəki hər bir tərəfin əsassız vəsatət verərək, prosesi uzadacağı təqdirdə cərimələnməsi əlavə olundu.