"Mobil notariat"ın bu gündən yeni "Vəkilə verilən etibarnamələr" funksiyası istifadəyə verilib.
Ədliyyə Nazirliyi tərəfindən notariat xidmətlərinin çevik, asan və məsafədən göstərilməsinə imkan verən elektron ədliyyə köşkü, səyyar notariat çantası və "Mobil notariat" proqram təminatı istifadəyə verilib.
FED.az xəbər verir ki, artıq dörd aydır ki, vətəndaşlar notariat ofisinə müraciət etmədən nəqliyyat vasitələrinin idarə edilməsinə dair etibarnamələrin elektron rəsmiləşdirilməsi xidmətindən səmərəli bəhrələnirlər. Proqram istifadəçilərinin sayı 30 mini ötüb və bu növ çoxsaylı etibarnamələr elektron qaydada rəsmiləşdirilib.
Bundan başqa tətbiq vasitəsilə şəxsin nəqliyyatdan istifadə edilməsinə dair etibarnamələrin verilməsi, eləcə də şəxsin iştirakçısı olduğu bütün notariat əməliyyatları ilə bağlı sənədlərin mobil cihazda saxlanılması, sənədin qüvvədən düşməsi barədə məlumatın dərhal alınması və elektron versiyasından istifadə edilməsi mümkündür.
Əhaliyə təqdim olunan bu innovasiyaların funksionallığının artırılması üzrə işlər davam etdirilərək "Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nın icrası çərçivəsində "Mobil notariat" telefon tətbiqinə daha bir yeni – "Vəkilə verilən etibarnamələr" funksiyası əlavə olunub.
Novruz bayramı ərəfəsində martın 19-dan istifadəyə verilən vəkil etibarnamələrinin mobil cihazlar vasitəsilə elektron qaydada verilməsi imkanından vətəndaşlar AppStore və PlayStore elektron platformasından pulsuz olan "Mobil notariat" tətbiqini yükləyərək qeydiyyatdan keçdikdən sonra, habelə hazırkı istifadəçilər proqramı yeniləməklə yararlana bilərlər.
Qeydiyyat prosedurunun sadələşdirilməsi məqsədilə yaxın vaxtda “ASAN login” qeydiyyat üsulundan da istifadə edilməsi nəzərdə tutulur.
Etibarnamələrin mobil qaydada verilməsi həftənin 7 günü 24 saat ərzində mümkündür və proses cəmi 5-10 dəqiqə ərzində icra edilir.
Hazırda Ədliyyə Nazirliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə belə etibarnamələrin verilməsinin yaxın vaxtlarda MYGOV portalı vasitəsilə də təşkil edilməsi nəzərdə tutulur.