Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi, həbsdə olan iş adamı İlqar İsmayılovun cinayət işi üzrə məhkəmə iclasında vəkillər müdafiə çıxışları ediblər.
Eləcə də bax: Prokuror "İdeal"ın sabiq rəhbərinə - 8 İl Həbs Cəzası İstəyib
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə müdafiəçilər - İlhamə Həsənova ilə Rəşad Əliyev çıxışlarında ittihamın əsassız olduğunu deyiblər.
Onlar İ.İsmayılovun barəsində bərat hökmünün çıxarılmasını istəyiblər.
Məhkəmənin növbəti iclası fevralın 8-nə təyin edilib.
Xatırladaq ki, ötən prosesdə prokuror İ.İsmayılovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, İ.İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.
İstintaq dövründə ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.