Vəkilliyə namizədlər üçün test imtahanı keçiriləcək.
Vəkillər Kollegiyasından bildirilib ki, məlum olduğu kimi, Mülki Prosessual Məcəlləyə dəyişikliklər edilməsi haqqında qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 7 noyabr 2017-ci il tarixli Sərəncamına əsasən, Vəkillər Kollegiyasına vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun daha səmərəli təmin edilməsi məqsədi ilə vəkillərin sayının artırılması tövsiyə olunub.
Qeyd olunan tövsiyə ilə bağlı 9 dekabr 2017-ci il tarixdə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə sənəd qəbulu prosesi bərpa olunmuş və Vəkillər Kollegiyasının tarixində ilk dəfə olaraq imtahana hazırlıq proqramı namizədlərin istifadəsinə təqim edilmişdir. Bu ilin yanvar ayının 11-də yekunlaşan sənəd qəbulu nəticəsində qəbul üçün sənəd verən namizədlərin sayı 2000-ə yaxın olub.
Vəkilliyə namizədlərlə yazılı test imtahanının Dövlət İmtahan Mərkəzi ilə birgə, cari ilin yanvar ayının 28-də keçirilməsi nəzərdə tutulur. İmtahanın yeri, o cümlədən buraxılış vərəqələrinin təqdim olunması və s. məsələlərə dair məlumatlar yaxın günlərdə mətbuat vasitəsilə veriləcəkdir.