Banner

Hüquq

Varlıların xaricdəki əmlakının müsadirəsi - Baş Prokurorluğa tapşırıldı

Varlıların xaricdəki əmlakının müsadirəsi - Baş Prokurorluğa tapşırıldı | FED.az
10:12 26 İyun 2020

İyunun 25-də Milli Məclisin növbədənkənar sessiyasıının növbəti iclası keçirilib. Qeyd edək ki, koronavirus təhlükəsi ilə əlaqədar olaraq Milli Məclisə yalnız qoruyucu maska və əlcəklə girişə izn verilirdi. İclasın sədri Sahibə Qafarova da iclası qoruyucu maska taxaraq aparıb.

Eləcə də bax: Xaricdəki əmlakın müsadirə olunması - QAYDASI MƏLUM OLDU

FED.az xəbər verir ki, koronavirusa görə, gündəlik müzakirə olunmayıb və deputatlar dərhal gündəlikdəki qanun layihələrinin müzakirəsinə başlayıb. Gündəliyin birinci məsələsi - Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi üçüncü oxunuşda təqdim olundu. Məcəllənin müvafiq maddəsinə təklif olunan əlavədə bildirilir ki, xarici ölkədə yerləşən əmlakın müsadirə olunması barədə Azərbaycanda çıxarılmış hökm və ya digər yekun qərar qanuni qüvvəyə mindiyi tarixdən 5 gün müddətində icra olunmalıdır. Əmlakın hüquqi yardım çərçivəsində xarici ölkədə müsadirə edilməsi, həmin əmlakın, yaxud onun dəyərinin ölkəyə qaytarılmasının təmin olunması məqsədilə cinayət işi üzrə bütün materiallarla birlikdə Baş Prokurorluğa göndərilir. Baş Prokurorluq xarici ölkədə yerləşən əmlakın müsadirə edilməsi və həmin əmlakın, yaxud onun dəyərinin ölkəyə qaytarılması məqsədilə Azərbaycan qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən, tələb olunan zəruri tədbirləri görməlidir. Qanun 2020-ci il iyulun 15-dən qüvvəyə minəcək.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə bildirdi ki, bu dəyişikliklər ölkə Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı ilə əlaqədardır. Belə ki, ədalət mühakiməsinin əlçatanlığını və şəffaflığını daha da artırmaq məqsədilə məcəlləyə bir sıra dəyişikliklər təklif olunur. Bu dəyişikliklər “Elektron məhkəmə” informasiya sisteminin tətbiqini, müasir informasiya-kommunikasiya texnologiyalarının üstünlüklərindən istifadə edilməklə, xüsusi hallarda cinayət prosesinin videokonfrans vasitəsilə davam etdirilməsini təmin edən yeni maddələrin əlavə edilməsini, həmçinin bu sahədə müasir informasiya vasitələrinin tətbiqini nəzərdə tutur. Əminə Ağazadə bildirdi ki, qanun layihəsinin iyulun 1-də qüvvəyə minməsi nəzərdə tutulmuşdu. Lakin qanunverici təşəbbüslə çıxış edən orqan qarşıdakı günlərin bayram günlərinə təsadüf etməsi və Mili Məclisin bundan öncəki iclasın təxirə salınması ilə əlaqədar, qanunvericilik layihəsinin təşəbbüskarı qanunun iyulun 15-də qüvvəyə minməsini təklif edib. Təklif parlament tərəfindən qəbul olundu və layihə təsdiqləndi.
Dəyişikliklər səsə qoyularaq üçüncü oxunuşda qəbul olundu.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Anar Məmmədov “Dövlət rüsumu haqqında” Qanuna (üçüncü oxunuş) təklif olunan dəyişikliklərlə əlaqədar məlumatında bildirdi ki, sənəd “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda dəyişiklik edilməsi barədə" 27 iyun 2019-cu il tarixli qanuna uyğunlaşdırma məqsədi daşıyır. Layihədə tibb müəssisələrinin akkreditasiyası ilə bağlı dövlət rüsumlarının məbləği müəyyən edilib. Qanun layihəsinə əsasən, dövlət rüsumu tutulmalı olan hərəkətlər və dövlət rüsumunun məbləği aşağıdakılardır:

- ambulator xidmət göstərən tibb müəssisələri - 2000 manat

- stasionar xidmət göstərən tibb müəssisələri - 4000 manat.

Bundan əlavə, qanun layihəsində tibb müəssisələrinin akkreditasiyasının keçirilməsinə görə dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri də göstərilir.

Belə ki, ambulator xidmət göstərən tibb müəssisələri üçün nəzərdə tutulmuş dövlət rüsumunun Bakı şəhəri üzrə 100 faizi, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərləri və Abşeron rayonu üzrə 70 faizi, digər regionlar üzrə isə 50 faizi ödəniləcək. Stasionar xidmət göstərən tibb müəssisələri üçün nəzərdə tutulmuş dövlət rüsumunun 250-dən çox çarpayısı olan tibb müəssisəsi üzrə 100 faizinin, 101-250 çarpayısı olan tibb müəssisəsi üzrə 90 faizinin, 50-100 çarpayısı olan tibb müəssisəsi üzrə 70 faizinin, 50-dən az çarpayısı olan tibb müəssisəsi üzrə isə 50 faizinin ödənilməsi nəzərdə tutulur.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edildi.

Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov isə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” (ikinci oxunuş) Qanunda dəyişiklik edilməsi barədə məlumat verdi. Bu dəyişikliklər orqanın fəaliyyətinin təkmilləşdirilməsi, inzibati nəzarət icraatının daha səmərəli, dolğun və hərtərəfli şəkildə həyata keçirilməsi üçün şərait yaradacaq. Kamran Bayramov baş nazir Əli Əsədova müraciət edərək bələdiyyələrə dotasiya ayrılması ilə bağlı prosesin tezləşdirilməsini xahiş ünvanladı. K.Bayramov dedi ki, yeni qanun bələdiyyələrin sui-istifadəsinin qarşısını alacaq. Bundan sonra qanun layihəsi maddələr üzrə səsə qoyuldu və müzakirəsiz ikinci oxunuşda qəbul edildi.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “İcra məmurları haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) sənədi təqdim etdi. Bildirildi ki, 2017-ci il 10 fevral tarixində Ədliyyə Nazirliyinin tərkibində Probasiya Xidməti yaradılmışdır və bu xidmətin vəzifəsi cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların icrasına nəzarəti təşkil etməkdən ibarətdir. Bu məqsədlə cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitin müəyyən faizinin Ədliyyə Nazirliyinin hesabına köçürülməsi təklif olunur. Qeyd edildi ki, müvafiq dəyişiklik xidmət əməkdaşlarının maddi və sosial müdafiəsinin gücləndirilməsi, habelə, xidmətin maddi-texniki təminatının yaxşılaşdırılması üçün nəzərdə tutulub. Əli Hüseynli qeyd etdi ki, ən çox müzakirə olunan məsələ cərimələrin 43 faizinin müvafiq qurumun hesabına köçürülməsidir. Komitə sədri bildirdi ki, cərimələrin dövlət büdcəsinə köçürülməsi və müvafiq olaraq bölüşdürülməsi barədə təkliflər səslənib. “Biz bu yanaşmanı bölüşürük, hökumət də bu yanamanı bölüşür. Amma hələlik əməyin stimullaşdırılmasının başqa forması tapılmayıb” - Ə.Hüseynli bildirdi. Bundan sonra iki maddəlik qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edildi.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər haqqında (ikinci oxunuş) məlumat verdi. Komitə üzvü qeyd etdi ki, təklif olunan dəyişikliklər “Telekommunikasiya haqqında” Qanuna əsasən telekommunikasiya operatorları və provayderlər tərəfindən hüquq-mühafizə orqanlarının sorğularına cavabların gecikdirilməsinə və tələb olunan məlumatların təqdim edilməməsinə görə tətbiq ediləcək cərimələr məbləğini və inzibati məsuliyyət növlərini özündə ehtiva edir. Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edildi.

Daha sonra Kamal Cəfərov Cəzaların İcrası, Cinayət və İnzibati Xətalar məcəllələrinə təklif edilən dəyişiklikləri (ikinci oxunuş) şərh etdi. Deputat bildirdi ki, dəyişikliklər Ədliyyə Nazirliyinin Probasiya xidmətinin daha geniş tətbiqi məqsədi ilə aparılıb. Belə ki, barəsində ictimai cəza və inzibati tənbeh qərarı çıxarılmış şəxslər də elektron nəzarət vasitəsi gəzdirəcək. Məhkəmə tərəfindən ictimai işlərə məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur.

Kamal Cəfərov bildirdi ki, bir sıra məhbuslara tətbiq ediləcək elektron nəzarət cihazını özü ilə Milli Məclisə gətirib. Bundan sonra o, cihazı nümayiş etdirdi və cihaza qulluq qaydası haqda danışdı. K.Cəfərov bildirdi ki, cihaz məhbusun barmaq izi ilə 4 saatlıq işə salınır. Cihazı gün ərzində bir dəfə bir saat elektrik enerjisi ilə təmin etmək üçün müvafiq avadanlıq da nümayiş etdirildi. “Cihaza qulluq da yalnız bundan, yəni gündə bir dəfə elektrik enerjisi ilə doldurulmasından ibarətdir” - deputat bildirdi.

Sənədlər ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edildi.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Telekommunikasiya haqqında”, Vergi Məcəlləsinə, “Notariat haqqında”, “Sosial sığorta haqqında” və “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” qanunlara təklif olunan dəyişikliklər barədə (birinci oxunuş) də məlumat verdi. Bildirdi ki, bu dəyişikliklər elektron icra, elektron notariat və elektron məhkəmə informasiya sistemlərinin genişləndirilməsi və bu sistemlər arasında məlumat mübadiləsinin labüdlüyü ilə bağlıdır. Sonra hər dörd qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edildi.

Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli məlumat verdi ki, gündəliyə birinci oxunuşda daxil edilmiş növbəti 3 məsələ parlamentə bir zərfdə təqdim olunub. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Qrant haqqında” qanunlara təklif edilən dəyişikliklər həm uyğunlaşdırma, həm də rəqəmsal texnologiyanın inkişafı nəticəsində elektron xidmətlərdən istifadənin daha da genişləndirilməsi, həmçinin “Elektron imza və elektron sənəd haqqında” Qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının elektron sistemindən istifadə zamanı sənədlərin əldə edilməsinin asanlaşdırılmasını məqsədini daşıyır. Sonra hər üç qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edildi.

Digər xəbərlər

Banner