Valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınmasına nəzarət qaydası müəyyənləşir.
Xaricə qanunsuz pul köçürənlər - 5 İLƏDƏK HƏBS EDİLƏCƏK
FED.az xəbər verir ki, bu, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş valyuta sərvətlərinin bəyan edilməsi rejiminin tələbləri çərçivəsində bəyan edilməmiş və ya düzgün bəyan edilməmiş valyuta sərvətləri və milli valyutanın aşkar edilməsi hallarında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) valyuta sərvətləri və milli valyutanın mənbəyi və istifadə məqsədi barədə məlumat və sənədləri tələb edir.
Həmin hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi və digər cinayətlərin əlamətlərini aşkar edərsə, bu barədə məlumat və sənədləri araşdırmanın aparılması üçün maliyyə monitorinqi orqanına və cinayət təqibini həyata keçirən orqana göndərir. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən valyuta sərvətləri və milli valyuta barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təqdim olunan məlumatlar və sənədlər, həmçinin maliyyə monitorinqi orqanına göndərilir. Valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı bəyan edilməmiş və ya düzgün bəyan edilməmiş valyuta sərvətləri və milli valyutanın, habelə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi və digər cinayətlərin əlamətlərinin aşkar edilməsi hallarında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) valyuta sərvətləri və milli valyutanın hərəkətini 48 saat müddətində dayandırmaq hüququna malikdir. Bu maddənin tətbiqi çərçivəsində valyuta sərvətləri və milli valyutanın hərəkətinin dayandırılmasına dair qaydalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Həmin qaydalarda valyuta sərvətləri və milli valyutanın hərəkətinin dayandırılması ilə bağlı indikatorların siyahısı da müəyyən edilir.
Qeyd edilən məlumatların və sənədlərin tərtib olunma forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilir. (Apa)