Azərbaycanın aparıcı konsaltinq şirkətlərindən biri olan «Unilegal Consulting» ölkədə koronavirus pandemiyasına qarşı mübarizə və onun nəticələrinin aradan qaldırılmasına öz töhfəsini verib.
FED.az xəbər verir ki, «Unilegal Consulting» şirkəti prezident İlham Əliyevin «Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında» 19 mart 2020-ci il tarixli fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü ianə ayırıb.
«Unilegal Consulting» şirkətinin direktoru Tofiq Hacıyev bildirib ki, bu addım ölkə biznesinin ümumi işə dəstəyinin göstəricisidir: «Ölkəmizin və ümumiyyətlə dünyanın necə çətin bir dövrdən keçdiyi göz qabağındadır. Biz də hər bir vətəndaş kimi öhdəmizə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməliyik. Prezidentimiz cənab İlham Əliyevin ciddi səyləri nəticəsində ölkəmizdə pandemiya nəzarət altındadır. Ona dəstək olmaq hər bir vətəndaşımızın borcudur. Çünki cənab prezidentimizin dediyi kimi: BİZ BİRLİKDƏ GÜCLÜYÜK!»
Şirkət rəhbəri bildirib ki, «Unilegal Consulting» əməkdaşların sağlamlığını qorumaq üçün müəyyən müddət onlayn fəaliyyət göstərib, hazırda isə normal rejimə qayıdıb: «Unilegal Consulting» ailəsi olaraq öz əməkdaşlarımızın, həmçinin tərəfdaşlarımızın sağlamlığını qorumaq və eyni zamanda da iqtisadi cəhətdən ölkəmizə öz töhfəmizi vermək üçün karantin rejimi müddətində onlayn işlədik və tərəfdaşlarımızın iqtisadi stabilliklərini qorumaq üçün onlara dəstək olduq. Hal hazırda işimizin başındayıq və ehtiyacı olan hər kəsə biznes, maliyyə və korporativ hüquq sahəsində məsləhətlərimizi verməyə tam hazırıq. Bütün vətəndaşlarımıza da ciddi zərurət olmadan evdən çıxmamağı, evdən çıxmağa məcbur olduqda özlərini və sevdiklərini qorumaq üçün tibbi maska və əlcəkdən istifadə etməyi məsləhət görürük. Evdə qalın, sağlam olun!».