Vətəndaşları aldadaraq dəyərindən ucuz qiymətə aviabilet təşkil etmək adı ilə külli miqdarda vəsait ələ keçirməkdə ittiham edilən Mələk Zeynalovanın cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
İki kartdan 45 min manatdan çox pul oğurlanıb - VİDEO
FED.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Mələk Zeynalova 8 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, dövlət ittihamçısı Ergin Qafarov onun 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, cinayət işi materiallarına görə, naməlum şəxsin çoxsaylı vətəndaşları xarici ölkələrə dəyərindən qat-qat aşağı qiymətə aviabilet və tur paketlərin satışını təşkil edəcəyi adı altında aldadaraq onların pul vəsaitlərini ələ keçirdiyi barədə DİN-ə məlumatlar daxil olub.
Keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində müəyyən olunub ki, qeyd edilən qanunsuz əməl Bakı şəhər sakini Zeynalova Mələk Nazim qızı tərəfindən törədilib.
O, qısa zamanda saxlanılaraq istintaqa təqdim olunub.
Araşdırmalarla müəyyən edilib ki, Mələk Zeynalova “WhatsApp"da xüsusi qrup yaradıb və orada özünü aviaşirkətlərdən birinin əməkdaşı kimi təqdim edib.
Daha sonra o, vətəndaşları xarici ölkələrə aviabilet və aviaturlar təşkil edəcəyi adı ilə aldadıb zərərçəkənlərin külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib.
İlkin mərhələdə Mələk Zeynalova ucuz qiymətə bilet təşkil edərək inam yaradıb. Sonradan ona etibar edən şəxslər ödəniş sistemləri vasitəsi ilə ona müxtəlif məbləğlərdə pul vəsaiti göndəriblər. O, ələ keçirdiyi pul vəsaitərini ödəniş sistemləri vasitəsi ilə nağdlaşdıraraq şəxsi tələbatlarına xərcləyib.
İttihama görə, Mələk Zeynalova zərərçəkmişlərə ümumilikdə 500 min manat məbləğində maddi ziyan vurub.
Ona Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb. (Apa)