İnformasiya texnologiyalarının sürətli inkişafı cinayətlərin mahiyyətini dəyişdirib, yeni üsul və vasitələrin meydana çıxmasına səbəb olub.
Samirə Musayeva: "Əmtəəsiz əməliyyatlar vasitəsilə maliyyə cinayətləri törədilir"
FED.az xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin rəis müavini Tural Vəlibəyov “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə nəzarət orqanlarının rolu, vəzifələri və məsuliyyəti” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib.
Onun sözlərinə görə, son illərdə onlayn mərc platformaları və kriptovalyutalardan istifadənin artması cinayətlərin törədilməsində yeni yanaşmaları və istintaq metodologiyalarını zəruri edib:
“Hazırda araşdırdığımız cinayət işlərində rəqəmsal texnologiyalardan geniş istifadə olunur. Bu texnologiyalar istintaq prosesində risk profillərinin müəyyənləşdirilməsinə və yeni növ cinayətlərin daha dəqiq portretinin çəkilməsinə imkan verir”.
T. Vəlibəyov qeyd edib ki, bu sahədə yalnız texnoloji vasitələrin tətbiqi kifayət deyil, eyni zamanda maliyyə nəzarəti orqanları və auditor təşkilatlarının səlahiyyət bölgüsünün dəqiq müəyyənləşdirilməsi və sahibkarlıq subyektlərinin yoxlanılmasında sui-istifadə hallarının qarşısının alınması mühüm əhəmiyyət daşıyır: “Yoxlama ilə qanuna uyğun fəaliyyətin təmin olunması arasında balans saxlanmalı, risk əsaslı təhlillərə əsaslanan qabaqlayıcı tədbirlər həyata keçirilməlidir”.
Baş idarə rəsmisinin sözlərinə görə, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması halları say baxımından az olsa da, onların əhatə dairəsi geniş və struktur baxımından mürəkkəbdir: “2023-cü ildə Maliyyə Monitorinqi Xidmətindən daxil olmuş məlumatlar əsasında Cinayət Məcəlləsinin 193-1-ci maddəsi üzrə 8, 2024-cü ildə isə 5 cinayət işi başlanıb. Ümumilikdə, 2023–2024-cü illərdə bu kateqoriyadan 24 cinayət işi üzrə istintaq aparılıb. Bu işlərdən 9-u üzrə 28 şəxsə ittiham elan olunub. Hazırda isə həmin maddə üzrə 11 iş üzrə istintaq davam edir. 2023-cü ildə 5 iş üzrə 7 şəxs istintaqa cəlb olunduğu halda, 2024-cü ildə bu göstərici 14 iş üzrə 21 şəxsə yüksəlib”.
O əlavə edib ki, 2024-cü ildə rəhbərlik etdiyi şöbə tərəfindən 80 material üzrə araşdırma aparılıb ki, bunlardan 7-si əmlakın leqallaşdırılması ilə bağlı olub. Araşdırmalar 46 dövlət və 13 qeyri-dövlət qurumunu əhatə edib.
“2024-cü ildə istintaqı tamamlanan cinayət işləri üzrə dövlətə 28 milyon manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Bu vəsaitin mühüm hissəsi bərpa edilib, 13 milyon manatdan çox vəsaitin geri qaytarılması üçün əmlakların üzərinə həbs qoyulub. Leqallaşdırma cinayətləri əsasən rəsmi sənədlərə və informasiya sistemlərinə bilərəkdən yalan məlumatların daxil edilməsi, vəsaitlərin müxtəlif maliyyə əməliyyatları ilə gizlədilməsi və mənimsənilməsi yolu ilə həyata keçirilib”, - deyə T.Vəlibəyov bildirib.
Onun sözlərinə görə, cinayətlərə daha çox müxtəlif idarə və təşkilatlara ayrılan vəsaitlərin şişirdilmiş xidmət və işlər adı ilə formal kommersiya qurumlarına köçürülməsi halları daxildir: “Bu hallar cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasında ən çox istifadə olunan üsullardandır”. (Report)