Milli Məclis İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini birinci oxunuşda təsdiqləyib.
Yerə zibil atılmasına görə 300 manatdan 7000 manatadək cərimə olunacaq
FED.az xəbər verir ki, qanun layihəsi parlamentin oktyabrın 8-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi tullantıların insan sağlamlığına və ətraf mühitə zərərli təsirinin qarşısının alınması, onların təhlükəli təsirinin azaldılması, təbiətdə ekoloji tarazlığın təmin olunması məqsədilə, tullantıların idarə olunması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyinin pozulmasına görə inzibati məsuliyyətin artırılmasını nəzərdə tutur.
Layihədə tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsinə görə, habelə həmin məmulatların tullantılarının ətraf mühitə təkrar atılmasına görə tətbiq edilən sanksiyalarda müəyyən dəyişikliklər təklif edilir. Sənəd layihəsində, həmçinin məişət tullantılarının idarə olunmasına dair tələblərin pozulmasına görə həm yeni sanksiyalar, eyni zamanda, əməlin təkrar törədilməsinə görə və məişət tullantılarının buna cavabdeh şəxslər tərəfindən vaxtında xüsusi ayrılmış ərazilərə daşınmamasına görə yeni inzibati tənbehlərin müəyyən edilməsi də təklif olunur.
Dəyişikliklərdə piyadalar və yol hərəkətinin başqa iştirakçıları tərəfindən, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulmasını nəzərdə tutan müvafiq maddələrdən “bayıra hər hansı əşya və tullantıların atılması” sözlərinin çıxarılmasında məqsəd isə bu xətaları ümumiləşdirərək Məcəlləyə yeni 352.2-ci maddənin əlavə edilməsidir. Həmçinin dəniz və çay nəqliyyatı gəmilərindən, dəmir yolu nəqliyyatı vasitələrindən tullantıların atılmasına görə də inzibati tənbeh tədbirləri təklif edilir.
Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda təsdiqlənib.