Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
FED.az xəbər verir ki, hakim Elbəy Allahverdiyev sədrliyi ilə keçirilən prosesdə Etibar Əliyev zərərçəkən şəxs qismində ifadə verib.
O bildirib ki, “Texnikabank”ın Müşahidə Şurasının sədri vəzifəsində çalışıb: "6 mart 2012-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat qrupu tərəfindən saxlanılmışam. Heç bir əsas göstərmədən məni MTN-in İstintaq Baş İdarəsinə aparıblar. Əməliyyat qrupu məni idarə rəisinin müavini Təhsin Ağayevə və şöbə rəisi Vüsal Ələkbərova təhvil verib. Elə həmin gün barəmdə əsassız olaraq cinayət işi başlanıb və tutulmuşam. Həbs edilərkən məndən 300-500 milyon manat tələb edirdilər. Deyirdilər ki, bankdakı pulları bizə ver. İzah edirdim ki, bankın müxbir hesabındakı həmin pullar müştərilərindir, mənim deyil. Mənə saxta ittiham elan edib barəmdə həbs qətimkan tədbiri seçildi. Həbsdə olduğum vaxt Vüsal Ələkbərovun və Təhsin Ağayevin göstərişi ilə dəfələrlə təcridxanadan onların xidməti otaqlarına çağırtdırırdılar. Orada Vüsal Ələkbərov və Təhsin Ağayev məndən külli miqdarda pul tələb edirdilər. İş yerimdə aparılan axtarış zamanı digər sənədlərlə birlikdə həyat yoldaşım Esmira Bayramovanın adına olan, Həsən Əliyev küçəsində yerləşən beşmərtəbəli evin sənədlərini də götürmüşdülər. Vüsal da, Təhsin də deyirdilər ki, rəhbərliyin göstərişinə əsasən həmin evi onların dediyi adamın adına rəsmiləşdirilməliyəm. Sözlərindən belə başa düşdüm ki, evim Mövlam Şıxəliyevə çatır, guya əziyyət çəkib istintaq apardığına görə ona haqq kimi mənim evim verilməlidir. MTN-in nümayəndəsini banka göndərib idarəetməni ələ aldılar. Əmanətçilərin hesablardakı pullarını ölkə daxilində və xaricində olan, özlərinin istədikləri hesablara köçürdülər. Bankı talan elədilər, müflis duruma saldılar. Mənə də deyirdilər ki, evi dedikləri adama verməliyəm. Əks halda, oğlum Kəramətin də barəsində cinayət işi başlanacaq. Vüsalın və Təhsinin təklifini rədd elədim. Bundan sonra öyrəndim ki, onlar oğlum Kəraməti hər gün MTN-in İstintaq Baş İdarəsinə çağırıb incidir, psixoloji təzyiqlərə məruz qoyurlar".
Zərərçəkən deyib ki, həmin günlərdə MTN-in İstintaq Baş İdarəsinin rəisi Mövlam Şıxəliyev onu qəbul edib: "Məni İstintaq Təcridxanasından Mövlam Şıxəliyevin kabinetinə apardılar. Orada təklikdə söhbət etdik. Mövlam Şıxəliyev yoldaşımın adına olan 5 mərtəbəli evi israrla onların dediyi adamın adına keçirməyimi tələb edirdi. Növbəti gün Təhsin Ağayev məni xidməti otağına gətizdirdi. Oğlum Kəramət, Vüsal Ələkbərov da otaqdaydı. Oğlum çox gərgin, sıxıntılı görünürdü. Fiziki cəhətdən çox zəiflədiyini gördüm. Başqa yolum qalmadı, evi verməyə razı oldum".
Zərərçəkən deyib ki, razılıq verəndən sonra Vüsal Ələkbərov 6 saylı Notariat Kontorunun notariusu Ərəstun İmanovu təcridxanaya çağırıb: “Evin satılmasına etiraz etmədiyim barədə ərizəni və notariat kitabında qrafanı imzaladım. Sonralar vəkilin çatdırdığı məlumatlardan və Vüsal Ələkbərovun deməsindən bildim ki, həmin evi 3 milyon manata satıblar. Amma evin kimin adına alqı-satqı edilməsindən xəbəri olmadı. Həmin gündən etibarən oğlum Kəraməti daha MTN-nə çağırmadılar. Mənim özümü də 2012-ci il, noyabrın 16-da həbsdən azad etdilər".
Zərərçəkən həbsdən azad ediləndən sonra bir neçə dəfə Mövlam Şixəliyevlə görüşdüyünü deyib: "Mövlam Şıxəliyevə dedim ki, evimi əlimdən almaqda düz iş görmədin. O da dedi ki, “mənlik deyil, nazirlə danışarsan, onun xəbəri var”.
Həbsdən azad ediləndən sonra araşdırdım, öyrəndim ki, 11 sentyabr 2012-ci ildə evimi alqı-satqı yolu ilə Eldar Ələkbərovun adına rəsmiləşdiriblər. Ev sonradan etibarnamə əsasında Rizvan Hacıyevin, 2014-cü ildə onun adından Nazilə Rüstəmovanın adına keçirilib. Mən nə Eldarı, nə Rizvanı, nə də ki, Naziləni tanımışam. 2015-ci ildə MTN ləğv ediləndən sonra Nərimanov Rayon Məhkəməsinə müraciət edib alqı-satqı müqavilələrinin ləğv olunması, təzyiqlə əlimdən alınan evimin geri qaytarılması iddiası qaldırdım. Məhkəmə 24 noyabr 2016-cı ildə evin mənə qaytarılması barədə qərar qəbul etdi. Cavabdehlər apelyasiya şikayəti verdilər. Bu dəfə qərar onların xeyrinə verildi. Ali Məhkəməyə müraciət elədim. O zaman tanışım, əvvəllər işçim olmuş Anar Həmzəyev mənə müraciət elədi, dedi ki, Eldar Ələkbərov onun qohumudur. Obyekti Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin adamına satıb. Buna görə də imkan varsa, iddiadan imtina edim. Anar Həmzəyev məni İlham Əliyevlə Həsən Əliyev küçəsindəki “Dəniz inciləri” restoranında görüşdürdü. Söhbət zamanı İlham Əliyevə razılıq verdim və buna görə də kassasiya instansiyası evlə bağlı Nazilə Rüstəmovanın xeyrinə qərar çıxardı. Sonradan başa düşdüm ki, evi məhz Anar Həmzəyevin özü və ya qohumları alaraq Eldar Ələkbərovun adına rəsmiləşdiriblər. Buna görə Anar Həmzəyev özü də ortalığa düşərək onu fikrindən çəkindirmək üçün İlham Əliyevi görüşə gətirib".
Etibar Əliyev qeyd edib ki, həbsdə olduğu dövrdə oğlundan da külli miqdarda pul alınıb:
"Oğlum Kəramət bankdan götürdüyü pulları MTN-nin inzibati binasına yaxın yerdə Vüsal Ələkbərov və Təhsin Ağayevə verib. Həmin vaxt şikayət etmədim. Çünki Eldar Mahmudovun rəhbərlik etdiyi MTN-nin məhkəməyə təsir edəcəyindən qorxurdum. Eldar Mahmudov, Mövlam Şıxəliyev, Təhsin Ağayev və Vüsal Ələkbərovun bu cür qanunsuzluqlarla axır-əvvəl ifşa olunacaqlarına əmin idim. Buna görə də gözləmə mövqeyi tutmuşdum. Həbsdən azad olunandan sonra, 2015-ci ilədək dəfələrlə MTN-nə Mövlam Şıxəliyevin otağına getmişəm. Bəraət almağa köməklik olunmasını istəmişəm. Mövlam Şəxliyev isə deyirdi ki, kömək edə bilməyəcək. Deyirdi ki, sənə bəraət verilsə, Vüsalla Təhsin tutulmalıdır".
Zərərçəkən deyib ki, Mövlam Şixəliyev, Vüsal Ələkbərov və Təhsin Ağayev onun barəsində istintaq edilən cinayət işi üzrə guya onunla əlbir olmaqla günahlandırılan bir qrup şəxsdən müxtəlif məbləğlərdə pul alıblar: "Banka pul qoyan adamları çağırıb pullarını alıblar. Mövlam Şıxəliyev və Vüsal Ələkbərov Nizami Kazımovdan 2 milyon dollar, Hüseyn Səfərovdan 2 milyon dollar, Namil Rzayevdən 500 min dollar, Elşən Mədətovdan 250 min dollar, Mehrac Qurbanovdan 200 min dollar, Bahəddin Sultanovdan 370 min dollar, həmyerlim və tanışım Akif Qurbanovdan 1 milyon manat, Rauf Kərimovdan 1 milyon manat alıb. Mövlam, Təhsin və Vüsal birlikdə “Texnikabank”ın Sumqayıt filialının rəhbəri Müsənnif Salahovdan 600 min manat, Mövlam Şıxəliyev şəxsən özü Anar Heydərovdan 300 min dollar alıb".
Zərərçəkən sərbəst ifadəsini yekunlaşdırandan sonra tərəflərin suallarını cavablandırıb.
Bundan sonra Etibar Əliyevin oğlu Kəramət Əliyev də zərərçəkmiş şəxs qismində sərbəst ifadə verib.
Proses mayın 23-də davam edəcək.
Qeyd edək ki, ittihama görə, Mövlam Şıxəliyev MTN-in İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.
İstintaqla Mövlam Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Mövlam Şıxəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib. (APA)