Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı, hazırda həbsdə olan Alimpaşa Məmmədovun növbəti məhkəmə prosesi keçirilib.
40 manata satdığı bazarın müdirindən 218 min manat rüşvət alıb - MƏHKƏMƏ
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə keçmiş icra başçısına qarşı açılan cinayət işinin epizodları üzrə baxış olub. Budəfəki prosesdə 10-dan artıq şahid dindirilib. Məhkəmədə Sahibkarlığa Yardım Fondunun rəsmisi də iştirak edib.
Çinarlı kəndinin icra nümayəndəsi işləmiş korrupsiya və digər bənzər maddələrlə həbs olunan Elçin Abbasov da ifadə verib. Məlum olub ki, həbsdə olan icra nümayəndəsi qəsəbənin bəzi sakinlərindən müxtəlif obyekt və tikintilərin aparılması müqabilində vəsaitlər alıb və həmin pullar Alimpaşa Məmmədova çatıb. Bundan başqa ümumi himayədarlıq adı ilə də pullar yığılıb.
2016-2019-cu illərdə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının baş həkimi olan Ayaz İbrahimov ifadəsində bildirib ki, 2018-ci ildə Hesablama Palatasının audit yoxlaması nəticəsində vaxtilə rəhbərlik etdiyi xəstəxanada bir çox qanun pozuntuları aşkar olunub. Belə ki, xəstəxanaya lazım olan avadanlıqlar və bəzi ləvazimatlar şişirdilmiş qiymətlərlə hesablanıb. Nəticədə yoxlama bu faktları müəyyən edib. Beləliklə o dövlətə vurulan 200 min manatlıq borcu evini, avtomobilini girov qoymaqla və banklardan aldığı əlavə kreditlər hesabına ödəyə bilib.
Məhkəmədə bildirilib ki, keçmiş baş həkimə şişirdilmiş qiymətləri yazmaq və təsdiq etməyi Alimpaşa Məmmədova məxsus “21-əsr” şirkətinin rəsmisi olan Azər Kərimov adlı şəxs tapşırıb. Amma 200 min manatı geri qaytarmaqda həmin şəxsə köməklik göstərilməyib.
Məhkəmədə o da bəlli olub ki, Şəmkirdə müxtəlif şəxslərin adına şirkətlər yaradılıb və həmin şirkətlər əksər tenderləri saxta yolla udub. Bu şirkətlərə isə Alimpaşa Məmmədovun birbaşa göstərişi ilə Azər Kərimov nəzarət edib. Tenderlərdən əldə olunan məbləğlərin müəyyən faizi isə sabiq icra başçısına çatıb.
Prosesdə bildirilib ki, Alimpaşa Məmmədov Elşən Hüseynov adlı şəxsə tenderdə qalib olması üçün şərait yaradıb. Həmin şəxs Şəmkirdə uşaq bağçalarına qida məhsulları paylayıb. Artıq qalan mallar isə Elşən İsmayılovun supermarketində satılıb, pullar Alimpaşa Məmmədova çatdırılıb. Tenderdə qalib gəlməsi əvəzində Elşən İsmayılov və Seymur adlı sahibkara əlavə olaraq uşaq bağçası tikmək tapşırılıb. Bunun üçün adıçəkilən şəxslər təxminən 130 min manat xərcləyiblər.
Xatırladaq ki, Alimpaşa Məmmədov 2021-ci ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub. Sabiq icra başçısına qarşı Cinayət Məcəlləsinin mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadə və təkrar külli miqdarda rüşvət alma maddələri ilə ittiham elan olunub.