Maliyyə Bazarlarına Nəzarət Palatası “Vudtrade” MMC-nin barəsində inzibati protokol tərtib edib.
FED.az xəbər edir ki, Suraxanı Rayon Məhkəməsi protokola əsasən, şirkəti 581317,50 Rusiya rublu (təxminən, 16 min manat) cərimə edib.
Eləcə də bax: Tikinti şirkəti - 20 MİN MANAT CƏRİMƏLƏNİB
Şirkət İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilinib.
Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 oktyabr 2019-cu il qərarından şirkət tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır.
Qeyd edək ki, ev mebellərinin layihələşdirilməsi, istehsalı və yığılması ilə məşğul olan “Mətbəx Aləmi” MMC-yə aid olan “Vudtrade” MMC əsasən MDF, DSP, taxta və digər bu kimi məhsulların idxalı və satışı ilə məşğul olur.
Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası Prezident İlham Əliyevin 28 noyabr 2019-cu il tarixli qərarı ilə ləğv edilib. Ancaq Palata protokolu ləğv olunmamışdan əvvəl tərtib edib.
"Report"