Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Eləcə də bax: Şahid: "Şəhid ailəsi olaraq ev almaq üçün 10 min manat verdim"
FED.az xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən şahid Cəsur Paşayev bildirib ki, İmişli rayon Mərkəzi Xəstəxanasında baş həkim işləyib, ayrı-ayrı illərdə icra hakimiyyətində ondan rüşvət alınıb.
"Vilyam Hacıyevə birbaşa rüşvət verməmişəm. İcra hakimiyyətinin maliyyə şöbəsinin müdiri çağırıb rüşvət tələb edirdi. 2015-2018-ci illərdə müxtəlif məbləğlərdə rüşvət vermişəm. Bir dəfə Vilyam müəllimə dedim ki, maliyyə şöbəsinin müdiri pul tələb edir. O da heç nə demədi. Bundan sonra yenə eyni vəziyyət davam edir. Maliyyə şöbəsinin müdiri deyirdi ki, Vilyam Hacıyev tapşırıq verib.
Xəstəxananın təmirinə pul ayrılmışdı. Maliyyə şöbəsinin müdiri çağırıb dedi ki, vəsaitin 30 faizi icra hakimiyyətinə verilməlidir", - deyə şahid bildirib.
Ehtiyatda olan zabit Vidadi Babayev bildirib ki, İmişlidə övladının 5 qeyri-yaşayış sahəsi olub: "Orada obyekt tikmək üçün sərəncam istədim. Bunun üçün rayon icra hakimiyyətinə müraciət etdim. Məni memarlığa çağırdılar. Həmin müddətdə Vilyam Hacıyev məzuniyyətdə idi. Qonşum onlarla danışdı, gəldi ki 1500 manat istəyirlər. Mən də pulu verdim qonşuya, apardı verdi, sərəncam aldı".
Məhkəmədə şahid qismində dindirilən Şakir Nuriyev isə qeyd edib ki, Dövlət Sosial Müdafiə Fondunda Zəngilan şöbəsinin müdiri işləyib: "İmişlidə 50 hektar torpaq almışdım. Həmin torpaq oğlumun adına idi. Oğlum dövlət qulluqçusu idi, onu addan ada keçirdik. Sərəncam alanda Cəmil pul istədi. Mən də 2 min manat Cəmilə verdim. O da sərəncam aldı. Torpağı oğlumun adından digər oğlumun adına da keçirəndə yenə Cəmilə 2 min manat verdim".
Kristal MMC-nin müdiri Elmidar Əliyev bildirib ki, İmişlidə məktəb və yaşayış binası tikərkən Vilyam Hacıyevə külli miqdarda rüşvət verib.
“2012-ci ildə İmişli rayonunda məktəb tikirdim. Həmin vaxt icra başçısı Vilyam Hacıyev deyildi. Məktəbin birinci mərtəbəsini tikmişdim ki, rəhbərliyə Vilyam Hacıyev gəldi. Dedilər ki, məktəbin tikintisini dayandır, biz deyəndə başlayarsan. Məktəbin tikintisinə verilən məbləğin 20%-ni icra hakimiyyətinə verdim.
Vilyam Hacıyev məni çağırdı qəbuluna. Getdim görüşdük. Vilyam Hacıyev dedi ki, Hacıbabalı kəndində bir məktəbin tikintisi üçün pul götürüblər, amma tikməyiblər. Mən köməklik etdim məktəbi tikib bitirdik. Daha sonra bizim şirkətə tikmək üçün 2 məktəb və 5 mərtəbəli bina verdi. Bunlarda da əvvəlkilər kimi məbləğin 20%-ni icra hakimiyyətinə ödədim.
Yaşayış binasının tikintisinə 2 milyon 939 min manat ayrılmışdı. Binanın tikintisində elə işlər var idi ki, onlar smetada göstərilir, amma onu eləmirdim. Məsələn, hər mənzilə damafon qoyulmalı idi, biz onu qoymuşduq. Smetada elə qiymətlər var idi ki, biz həmin qiymətləri şişirdilmiş rəqəmlə yazırdıq. Buna görə də 440 min manatı götürüb bir hissəsini Vilyam Hacıyevə verdik, özümüzə də çörəkpulu qaldı.
Qaragüvən kəndindəki məktəbin tikintisi üçün ayrılan 1 milyon 400 min manatdan 251 min 331 manat, Cəfərli kəndində məktəb tikintisi üçün ayrılan vəsaitdən 184 min manat Vilyam Hacıyevin köməkçisi Füzuli İsayevə verdik".
Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.
Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.
Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.
İstintaq orqanı tərəfindən toplanmış materiallarla sabiq icra başçısı barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham elan olunub. (Trend)