Baş Prokurorluğun sosial şəbəkə hesablarında paylaşımların şərh bölmələrində, eləcə də birbaşa məktub vasitəsilə prokurorluq orqanlarına şikayət edərək müraciəti müsbət həll olunmuş çoxsaylı vətəndaşların öz məmnunluqlarını ifadə etdikləri görüntülər Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən videoçarx şəklində hazırlanaraq #sözvətəndaşda həştəqi altında ictimaiyyətə təqdim olunur.
Baş Prokurorluğun mətbuat xidmətindən FED.az-a verilən məlumatına görə, “Orbit-ay LTD” MMC-nin icraçı direktoru Rəsmiyyə Qazıyevanın həmin MMC-nin direktor müavini vəzifəsində işləmiş Xatirə Həmidova tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş cəmiyyətin xeyli miqdarda pul vəsaitini ələ keçirməsi barədə müraciəti əsasında Nizami rayon prokurorluğu tərəfindən fakt üzrə 26.11.2019-cu il tarixdə Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət işi başlanıb.
Nizami rayon prokurorluğu tərəfindən aparılmış istintaqla Xatirə Həmidovanın cəmi 39 min 107 manat məbləğdə pul vəsaitini cəmiyyətin bank hesabında çeklərə imza etməklə ələ keçirib cəmiyyətin kassasına mədaxil etməməklə mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
19.08.2020-ci il tarixdə Xatirə Həmidova Cinayət Məcəlləsinin 179.2.2 (mənimsəmə təkrar törədildikdə), 179.2.3 (mənimsəmə şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 179.2.4-cü (mənimsəmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona qeyd olunan maddələrlə ittiham elan edilib və ibtidai istintaq yekunlaşdırılaraq cinayət işi baxılması üçün aidiyyəti üzrə Nizami rayon məhkəməsinə göndərilib.
Əminliklə bildiririk ki, vətəndaş məmnuniyyətinin təmin olunması prokurorluq orqanları üçün hər zaman prioritet məsələdir.