Səttar Möhbalıyevin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasındakı (AHİK) fəaliyyətinin yoxlanıldığı bildirilir.
FED.az xəbər verir ki, AHİK-də böyük maliyyə maxinasiyalarının həyata keçirildiyi, AHİK sədri Səttar Möhbalıyevin həmkarlar təşkilatı adı altında özünün maddi maraqlarına xidmət göstərən çox böyük bir sistem yaratdığı, böyük biznesə sahib olduğu iddia olunur.
Səttar Möhbalıyev prezidentin sabiq köməkçisi Əli Həsənovun qudasıdır. O, 27 ildir ki, konfederasiyanın “toxunulmaz” sədridir, 2000-ci ildən indiyə kimi parlamentdəki yerini əldən vermir. Dəfələrlə mətbuatda onun “Kurort” Səhmdar Cəmiyyəti vasitəsi ilə əlində böyük sərvət saxladığı barədə yazılıb.
Qeyd edilir ki, 16 il əvvəl yaradılmış Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası hazırda özündə 18 min 610 həmkarlar ittifaqı təşkilatını birləşdirir və 1 milyon 500 min üzvü var. İl ərzində üzvlük haqqı kimi toplanan məbləğ isə 50 milyon manatı aşır. (Musavat)