Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin sabiq əməkdaşı barəsində olan cinayət işi məhkəməyə göndərilib.
Eləcə də bax: Xəstəxananın baş həkimi 8 nəfərə - Saxta Əlillik Dərəcəsi Verib
Baş Prokurorluqdan FED.az-a verilən məlumata görə, Şəmkir Rayon İcra və Probasiya Şöbəsində icra məmuru vəzifəsində işləmiş Razim Əliyevin qanunsuz əməlləri ilə əlaqədar Azərbaycan Ədliyyə Nazirliyindən daxil olmuş material və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161 Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətlər əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.
İbtidai istintaqla Razim Əliyevin 2019-2020-ci illər ərzində həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək ona etibar olunmuş özgə əmlakını mənimsəməsinə, ümumilikdə 7 nəfər şəxsin cəmi 40 min 600 manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə təkrarən dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilib.
Razim Əliyevə Cinayət Məcəlləsinin 178.2 (dələduzluq- öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla təkrar törədildikdə), 179.2.3 (mənimsəmə və ya israf etmə- şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 32.4 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilərək barəsində həbs qətimkan tədbiri seçilmiş və cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.