Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.
Eləcə də bax: Rasim Məmmədov: “Əvəz məndən Türkiyə xüsusi xidmət orqanlarına şikayət edib”
FED.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən bugünkü iclasda şahidlərin dindirilməsinə başlanıb.
Şahid Zaman Səmədov deyib ki, 2014-cü ildə Birinci Qarabağ müharibəsi əlilləri üçün ev tikilməsindən ötrü Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 65 sot torpaq sahəsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə satıb. Lakin sonradan Nazirliyin sabiq aparat rəhbəri Əjdər Cəbiyev (Əjdər Ol) razılaşdırılmış məbləği ödəməyib: “Həmin vaxt satışla bağlı Əjdər Cəbiyevlə görüşdüm. Dedi ki, sənin torpağını 50 min manata alırıq. 10 min manat verdi, dedi qalanını sonra verəcəyik. Amma verilən vədi yerinə yetirmədilər. Əjdər Cəbiyevdən qalan 30 min manatı ala bilmədim. Dedi ki, Səlim Müslümov narazılıq edir, 50 min çoxdur. Torpağımı geri qaytarmalarını tələb etsəm də, vermədilər. Hələ də torpağımı geri ala bilmirəm”.
Şahid Elmar Səmədov isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansında olan ikimərtəbəli obyektin özəlləşdirilməsi üçün Əjdər Cəbiyevə 50 min verdiyini deyib: “Əjdər Cəbiyev dedi ki, özümüz bütün məsələləri həll edəcəyik. Mən də razılaşdım, 50 min manat verdim. Amma nə obyekti özəlləşdirib verdilər, nə pulumu qaytardılar”.
Növbəti proses sentyabrın 19-na təyin olunub.
Xatırladaq ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub. Cinayət Məcəlləsinin 179.4 ( xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunan sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb. Səlim Müslümov cinayət işi ilə bağlı dövlətə dəymiş 27 milyon manatın 20 milyonunu ödəyib. Onun 8 milyon manatlıq əmlakı üzərinə həbs qoyulub. (Apa)