Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.
Eləcə də bax: Səlim Müslümov dövlətə dəymiş 7 milyon manata yaxın ziyanı - ÖDƏYİB
FED.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda ittiham aktının nəticəvi hissəsinin elanı davam etdirilib.
İttiham aktında göstərilib ki, Səlim Müslümov Əmək və Əhalinin Müdafiəsi Nazirliyində işləyən müddətdə rəsmi sənədlərə yalan məlumatlar daxil edərək dövlətin qanunla qorunan mənafelərinə xələl gətirib.
Belə ki, Səlim Müslümov vəzifəsinin icrası zamanı təkrar olaraq qabaqcadan əlbir olmuş bir qrup şəxs halında külli miqdarda məbləğ təşkil edən vəsaiti rüşvət qismində əldə edib. Bununla o, göstərilən əməlləri törətməklə öz vəzifə səlahiyyətlərindən sui-istifadə edib. Səlim Müslümov nazirliyin aparat rəhbəri Əjdər Cəbiyev (Əjdər Ol) və digərləri ilə əlbir olaraq öz qulluq mənafeyindən istifadə edib Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin, şəhid ailələrinin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması üçün müxtəlif bölgələrdə inşa olunan fərdi yaşayış evlərinin tikintisinə ayrılmış vəsaitlərin bir qismini rüşvət və mənimsəmə yolu ilə ələ keçirib. Həmin fərdi yaşayış evlərinin bir çoxunun tikintisi üçün tender elan olunub, qalib gəlmiş şirkətlərin hesabına dövlət büdcəsindən vəsait ayrılıb. Mühakimə olunan şəxs və cinayət əməlinə girdiyi digər şəxslər isə tikinti öhdəlikləri yerinə yetirilmədiyi halda rəsmi sənədlərə yalan məlumatlar qeyd olunub.
Səlim Müslümov bu kimi vasitələrlə rüşvət yolu ilə 13 milyon manat dövlət vəsaitini ələ keçirib.
Bütün bu əməllərə görə Səlim Müslümova Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə yekun ittiham olunub.
İş üzrə ümumilikdə 27 milyon manat təşkil edən dəymiş ziyanın 20 milyon manatı Maliyyə Nazirliyinin depozit hesabına ödənilib.
Xatırladaq ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub. Sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb.
Proses sentyabrın 5-də davam etdiriləcək. (Apa)