Azərbaycanda saxta məcburi nişanların dövriyyəsinə görə cinayət məsuliyyəti müəyyənləşir.
FED.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sentyabrın 10-da keçiriləcək iclasının gündəliyinə daxil edilmiş Cinayət Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, saxta məcburi nişanları hazırlama, əldə etmə, saxlama, satma, habelə məcburi nişanlama ilə nişanlanmalı olan malları saxta məcburi nişanlama ilə nişanlama, fiziki şəxslər tərəfindən pərakəndə satış obyektlərindən istehlak məqsədi ilə əldə etmək istisna olmaqla, saxta məcburi nişanlama ilə nişanlanmış malları əldə etmə, saxlama və satmaya görə 2 min manatdan 3 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırma tətbiq olunacaq.
Saxta məcburi nişanlama ilə nişanlanmış malları əldə edən, saxlayan və ya satan şəxs həmin malların digər şəxsdən alınmasını təsdiq edən ciddi hesabat blankı, elektron qaimə-faktura təqdim etdikdə cinayət məsuliyyətinə cəlb olunmayacaq. (Apa)