Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməliyyatı nəticəsində həbs edilmiş Dövlət Gömrük Komitəsi yanında “Azərterminalkompleks” birliyinin direktoru Xəlilov Ehtiram Səyyaf oğlu və onunla birlikdə saxlanılan Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin rəisi vəzifəsində işləyən Rəsulov Məsum Eynalı digər pozuntularla yanaşı, əsgərlərə göndərilməsi nəzərdə tutulan siqaretləri də satırmışlar.
FED.az xəbər verir ki, bu barədə DTX-nin açıqlamasında deyilir. Məlumatda bildirilir ki, Məsum Rəsulov, müsadirəsi nəzərdə tutularaq “Azərterminalkompleks” Birliyində saxlanılan müxtəlif adda siqaret məhsullarını Silahlı Qüvvələrimizin düşmənlə təmas xəttində xidmət edən hərbi qulluqçularına paylanılması üçün Müdafiə Nazirliyinin aidiyyəti struktur bölmələrinə deyil, şəxsi münasibətdə olduğu əməkdaşına müvafiq rəsmiləşdirmə qaydalarıys pozmaqla təhvil veririmiş. Bununla da, külli miqdarda siqaretlərin təyinatı üzrə çatdırılmaması nəticəsində dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.
Məsum Rəsulov iyulun 14-də şübhəli şəxs qismində saxlanılaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.